“Rəhim Rəhimli illər öncə aparıcısı olduğum “10-dan sonra” verilişinə qonaq kimi gələndə biz bir-birimizlə danışmırdıq. Bu faktı verilişin redaktoru da, prodüsseri də təsdiqləyə bilər. Xalq artisti Aygün Kazımovanı verilişimə dəvət etmişdim. Bilirdim ki, canlı yayıma Aygün gələcək. O vaxt ara vuranlar var idi, indi onların heç biri radio sahəsində yoxdur. Rəhimlə aramızı vurmuşdular. Redaktor qulağıma dedi ki, “İndi sən şok olacaqsan”. Redaktorun nəfəsini də qulağımda hiss edirdim. Rəhim Rəhimli içəri daxil olanda Aygünün baxışlarını mən gördüm. Aygün elə bilirdi ki, mən ona nəsə deyə bilərəm, amma əksinə oldu, biz orada Rəhimlə barışdıq. Həmin gün mənim və Rəhimin ad günü idi, amma Rəhim öz ad gününü orada gizlətdi. Rəhim yenə də təvazökarlıq etdi. Amma orada 3 tort kəsildi-mənim üçün hazırlanan tortun üstündə radionun dj qulaqcığı var idi, Aygün üçün hazırlanan tortun üstündə mikrofon və 3-cü tortda da Rəhimin eynəyi öz əksini tapmışdı. Bu o demək idi ki, bu tortların hər biri birimizə hazırlanıb”
AZİNFORM.AZ xəbər verir ki, bunu moderator.az-a açıqlamasında tanınmış dj və teleaparıcı Yusif Ağayev bildirib. O daha sonra Rəhim Rəhimli ilə son görüşünü xatırlayıb.
“Mən avqust ayında Alanyaya istirahətə getdim. İyul ayında günorta vaxtı mağazaya getmək üçün binanın həyətinə düşdüm. Gördüm ki, Rəhim mənim binamın altından keçir, çox qəribə bir halda idi. Dedim ki, “ay Rəhim, sən burada neynirsən?!”. Həkimə gəldiyini bildirdi! O vaxtdan 1 həftə, 10 gün sonra Rəhimin dənizkənarında konserti olmalı idi. Ürəyimdə qırıldım ki, “Rəhimə bax, heç məni konsertinə dəvət etmədi”. Sonra fikirləşdim ki, yəqin sponsorlar təşkil edib, Rəhimlik burada bir şey yoxdur. O sadəcə gəlib mahnısını oxuyub gedəcək. Ona heç nə demədim. Sonra mən çıxıb Alanyaya getdim, gələndən sonra da bu hadisə baş verdi. Bir neçə il öncə mən öd kisəmdən müalicə olunanda xəstəxanada yatırdım. Yanımdakı palatada da Rəhim yatırdı. Mən yatmış vəziyyətdə olanda Rəhim gəlib məni başa çıxdı. Rəhim də o biri otağda idi. Onun yanına heç kəs gəlməmişdi, xəstəliyini hamıdan gizlətmişdi. O vaxt MUZ tv-yə rəhbər təyin olunanda dedi ki, “Yusif gəl bir yerdə işləyək”. Dedim ki, “ay Rəhim, mən axı 106 fm də çalışıram”. Xatirələr çoxdur, onunla bir yerdə konsertlərdə o qədər iştirak etmişəm ki” deyə sənətçinin dostu Yusif Ağayev bildirib.
Yusif Ağayev Rəhim Rəhimlinin Azərbaycan incəsənətinə yeri tərz gətirdiyini vurğulayıb. O həmçinin sənət dostlarının müğənniyə etinasız münasibətindən də gileylənib.
“Nə qədər bizim müğənnilərimiz, bəstəkarlarımız rəhmətə getdi. Onların yerləri hələ də boş qalıb. Deyirlər ki, “əvəzolunmaz insan yoxdur”. Mənim aləmimdə əvəzolunmaz insan var. Rəhim də onlardan biri idi. İkinci Rəhim gəlməyib və gəlməyəcək də. Rəhim ifaları ilə, şousu ilə bir Tarkan tərzini səhnəmizə gətirmişdi. Ən əsası da bu idi ki, Atv tarixində “Rəhim şou” verilişi var idi. İlk şou verilişi onun adı ilə bağlı idi. Yadımdadır, ilk qonağı da Aygün Kazımova idi. Sonra klip çəkilişləri ilə bağlı olaraq işləri oldu, həmin studiyada “İzzət şou” başladı. Rəhimin yerini heç kəs tutmayacaq, o yer həmişəlik boş qalacaq. O yerdə böyük hərflərlə Rəhimin adı yazılacaq. Necə ki, bu gün bizim böyük bəstəkarlarımızın, sənətkarlarımızın yerləri boş qaldı, orada öz adlarını yazdılar. Çox heyfslənirəm! Heç kəs öz qəlbindəki acını heç kimlə bölüşmək istəmir. O ki, qalsın şou-biznes insanı olsun. Çünki sənin qəlbindəki acını, xəstəliyini kimlərsə özünə hədəf tuta bilərdilər. Rəhim də bu səbəbə görə xəstəliyini heç kəsə göstərməməyə çalışırdı. Hər zaman özünü sağlam göstərirdi. Mənim verilişimə gələndə o qədər gözəl şou göstərdi ki. Kamera arxasında qan-tərə batmışdı, təngnəfəs idi, yenə də bunu heç kimə bəlli etmədi. Rəhim belə bir insan idi. Çox heyf ki, Rəhim bir göz qırpımında uçub getdi (ağlayır). Yeganə müğənni idi ki, mən xəstə olanda Rəhim evimə qədər gəlib çıxmışdı. Ən son çörəyini kiminləsə bölüşə bilərdi, amma pulu olmayanda heç kəs onunla çörəyini paylaşmadı, bunu heç kəsə bildirmədi. Hardasa bizim xüsusiyyətlərimiz, xasiyyətlərimiz də bir-birinə yaxın idi. Mənim də kasıb, fəqir vaxtlarım olub ki, heç kimə bildirməmişəm. İndi durub Rəhimə sağ ikən “can yandıranlar” böyük-böyük danışırlar. Söhbət bizim imkanlı müğənnilərimizdən gedir. İndi gəlib onun məzarı üstündə timsah göz yaşı axıtmağın mənası belə yoxdur! Yarım saatlıq toydan 3-4 min qazanırsız, ona kiçik bir yardım edə bilməzdiniz?! Vaxtında Rəhimin xəstəliyini bilənlər də yəqin ki, var idi. Çünki şou-biznesin mətbəxini elə şou-biznes bilirdi. Nədənsə mən ona yardım əlini uzatmağa cəhd göstərənləri görmədim. Onlar sadəcə bunu istəmədilər. Rəhim də öz xəstəliyi ilə, can nasazlığı ilə heç kimə heç nə demədi. O bilirdi ki, dünyasını dəyişəcək! Ona görə də gedib anasının yanında qaldı, anasının qolları arasında dünyasını dəyişdi. Allahın işinə bax! Bildiyim qədərilə o yeni ev almışdı, heç yeni evinə köçmək də ona qismət olmadı. O ayaqları şişən halda videosunu Vasif Məhərrəmliyə göndərmişdi, öləndən sonra hamı paylaşdı. Müğənnilərin yanında bir kəlmə söz dedinsə, hamı bir-birinə danışacaq. İndiyə qədər niyə demirdilər ki, Rəhimin səhhəti ağırdır? Biri maraqlanardı da. O imkanlı müğənnilərin heç biri onunla maraqlanmadı. Başqa vaxt sosial verilişlərdə hamıya yardım edən müğənnilərin heç biri Rəhimə yardım etmədi. Rəhim başqa bir insan idi. Bilmək olmaz kimin axırı necə olacaq?! Kimi nə gözləyirsə heç kəs bunu bilmir! Kim necə qocalacaq, kimin üstündə kim ağalayacaq heç kim bilmir! Amma Rəhimin aqibəti, sonu belə olmamalı idi. Rəhim haqq dünyasındadır, biz nahaq dünyada yaşayırıq. Haqsız, insafsız, mürvət tanımayan, sadəcə yalançı timsah göz yaşları axıdan şou-biznesin qaydalarına alışaq artıq. Bunu hər dəfə görürük amma yenə də qəbul edirik” deyə Yusif Ağayev bildirib.
AZİNFORM.AZ