Azərbaycanda koronavirusa yoluxanların sayı bu səbəblərdən ARTIR - AÇIQLAMA
19-07-2022, 16:30

Son zamanlar Azərbaycanda koronavirusa yoluxanların sayının artması insanlarda müəyyən narahatlığın yaranmasına səbəb olub. ÜST-ün maska taxmaq və gigiyenik qaydalara əməl etmək tövsiyyələrindən sonra Azərbaycanda da aidiyyatı qurumlar tərəfindən əhaliyə bu barədə müraciət olunub. İndi insanlar yoluxmanın artması ilə yanaşı həm də yenidən qapanmaların olacağından və maska taxmaq tələbinin qüvvəyə minəcəyindən narahatdırlar.

Mövzu ilə bağlı AZİNFORM.AZ-a açıqlama verən həkim-pulmonoloq Əsəd Beydullayev bildirib ki, koronavirusa yoluxanların sayının artması ilə bağlı hazırkı vəziyyət gözlənilən idi: “Doğrudur, koronavirusla bağlı proqnoz söyləmək çox çətindir. Amma biz həkimlər havaların soyuması və insanların qapalı mühitə keçməsi ilə əlaqədar olaraq yoluxmanın artacağını gözləyirdik. Əksinə yoluxma sayının yüksəlməsi daha tez baş verdi. Doğrudur, hələlik artım tempi üçrəqəmlidir və ciddi çoxalma yoxdur. Belə götürəndə yoluxanların sayının azalması da mümkündür. Amma indiki vəziyyətdə yoluxanların sayının 190 nəfərə qədər yüksəlməsi bizi ehtiyyat tədbirləri görməyə məcbur edir. Bu gün artıq koronavirusun kəskin tüğyan etdiyi vaxtlardakı kimi insanları qaydalara riayət etməyə çağırırlar. Hesab edirəm ki, bu, doğru haldır”.

Baku Medical Plaza - Dr. Əsəd Beydullayev

İnfeksionistin sözlərinə görə, təxminən 3-4 aya yaxındır ki, virusa yoluxanların sayında ciddi azalma müşahidə olunur: “Xəstələrin sayı da azalıb. Uzun müddətdir insanlar xəstələnmədiyinə görə, qanda təbii yolla formalaşan antitellərin miqdarında azalma baş verir. Eyni zamanda vurulan vaksinlərin müddəti artıq bitir. Xəstəliyə yoluxanların sayının artmasında birinci faktor kimi bu halları qeyd edə bilərik. Digər səbəb odur ki, yay aylarında soyuqdəymə halları qışdakından daha çox olur. Üstəlik insanlar yay aylarında daha çox istirahətə gedirlər və əhalinin sıxlığı müşahidə olunur. Bu da yoluxmanın artmasına təsir göstərir. Amma bu virusda yoluxmanın artım tempinin davam edəcəyini və ya azalacağını demək çox çətindir. Adətən tənəffüz yolu xəstəliklərini sentyabrda gözləsək də, bu hal yay aylarında yaşanır”.

Əsəd Beydullayev əlavə edib ki, ehtiyat tədbirlərinin ggörülməsinin tərəfdarıdır: “Çünki yoluxma sayı artsa, əvvəlki kimi əziyyət çəkəcəyik. İnsanlar yenidən xəstəlikdən təşviş  yaşayacaqlar. Amma vəziyyətlə bağlı hansı tədbirlərin görüləcəyini indidən demək çətindir. Bu haqda Operativ Qərargah qərar verə bilər. İnsanlara tövsiyəm odur ki, yoluxma sayının artıb-artmamasına baxmayaraq şəxsi gigiyena qaydalarına riayət etsinlər, maska taxsınlar, ara məsafəsi saxlasınlar. Eyni zamanda dezinfeksiyaedici vasitələrdən daha çox istifadə etməyi unutmasınlar”. /konkret.az/





up