Statistik göstəricilərə əsasən, dünyada hər il 300 min uşaq onkoloji xəstəlikdən qeydiyyata düşür.Azərbaycanda da təəssüflər olsun ki, bu xəstəlik uşaqlardan yan keçmir. Ötən il respublikada 167 uşaqda onkoloji xəstəlik aşkarlanıb. Mütəxəssislər buna səbəb kimi müxtəlif faktorları göstərirlər.
Maraqlıdır, onkoloji xəstəliklərin yaranmaması üçün valideynlər öncədən nə kimi tədbir ala bilərlər? Onkoloji xəstəlikdə genetik faktor nə qədər önəmlidir?
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən pediatr Sevda Nuriyeva bir sıra qidaların uşaqlarda xərçəng xəstəliyi yarada bildiyini deyib:
“Uşaqlarda müşahidə edilən onkoloji xəstəliklərin yaranması daxili inkişafın anomaliyası ilə bağlı olan şişlərdən irəli gəlir. Bura mərkəzi sinir sisteminin şişlərini, daxili orqanlara aid şişləri aid etmək olar. Bundan başqa sağlam doğulan uşaqlarda da sonradan onkoloji xəstəliklər meydana gələ bilər. Bu da qan xəstəlikləri ilə birbaşa bağlıdır. Valideynlər uşaqların düzgün həyat tərzi keçirməsinə, düzgün qidalanmasına fikir verməlidirlər. Xərçəng yaratma ehtimalı olan qidaları uşaqlar həddindən artıq qəbul edirlər, valideynlər də buna diqqət etmirlər. Kolbasa, sosiska, hisə verilmiş qidalar, paketlənmiş, həddən çox şəkərli məhsulları uşaqlara vermək təhlükəlidir. Uşaq immun sisteminin düzgün qorunması, vaxtında yatmaq uşağı onkoloji xəstəliklərdən qoruyacaq".
Pediatr uşaqlarda onkoloji xəstəliklərin ilkin əlamətlərindən də danışıb:
“Bəzi ailələrdə isə genetik faktorlardan asılı olaraq uşaqlarda xərçəng riski yüksək olur. Bu ehtimal olan uşaqlar da ilk olaraq müayinə olunmalı və risk qrupuna aid edilməlidir. 2020-ci ilin statistikasında onkoloji xəstəlik 13 yaşadək uşaqlarda 117 nəfərdə, 13 yaşdan 17 yaşadək uşaqlarda isə 55 nəfərdə aşkarlanıb. Bu, ötən illə müqayisədə böyük fərqə malik olmasa da, istənilən halda biz bu sayın heç olmamasını istərdik. Valideynlər uşaqlarda bu xəstəliyin ilkin əlamətlərinə fikir verməlidir.
Əgər uşaqlarda halsızlıq, iki həftədən çox davam edən qızdırma və göyərmələr, qarın ağrısı, baş ağrısı, tərləmə və iştahasızlıq varsa, o halda mütləq şəkildə həkimə müraciət etmək lazımdır. Xəstəliyin birinci və ikinci mərhələsində biz problemin qarşısını rahatlıqla alırıq. Lakin problem üç və dördüncü mərhələyə keçirsə, bu zaman xəstəliyin aradan qaldırılması çətinləşir”.