“Bu uşağın gözünə və ətrafına olan qansızmanın səbəbi zədələnmə, yıxılma deyil. Səbəbi güclü öskürəkdir. Öskürəyin isə səbəbi göyöskürəyə bənzər Parapertussis öskürəyidir. İndi görün ki, göyöskürəyəbənzər öskürək belə hala gətirirsə, göyöskürəyin özü nələr edə bilər".
AZİNFORM.AZ xəbər verir ki, bu sözləri pediatr Aytən İsmayılzadə deyib. O bildirib ki, göyöskürəklə, göyöskürəyəbənzər parapertissisin törədiciləri oxşar mikroblardır:
“Ona görə oxşar əlamətlər yaranır. Göyöskürəkdə uşaq daha çox boğulur, dili bayırda qalır, rəngi qaralır, göyərir. nəfəs alarkən xoruz səsinə bənzər səs çıxır. Göyöskürəyəbənzərdə isə uşaq qızarır, gözləri sulanır, qusana kimi öskürür və ya öskürərək öyüyür. Bundan əlavə, burundan qanaxma və gözə və gözətrafına qansızma ola bilər. Göyöskürəyin peyvəndi olsa da, göyöskürəyəbənzərin peyvəndi yoxdur. Çünki, göyöskürəyin fəsadları daha ciddi olur. Bu gözdə olan qansızma kimi beyinə də qansızma ola bilir. Ağciyər toxumasının cırılması, pnevmotoraks (plevra səhfələri arasına hava dolması), pnevmoniya, beynin davamlı hipoksiyaya( oksigen aclığı) məruz qalması kimi ciddi ağırlaşmalar ola bilir”.
Bütün bu əlamətlərin körpələrdə görülmə ehtimalının yüksək olduğunu deyən pediatr azyaşlıların iki aylıqdan etibarən göyöskürəyə qarşı peyvənd edilyini söyləyib:
“Mən etdirmirəm" deyənlərin hesabına bir gün göyöskürək də aktivləşəcək və onların böyümüş uşaqlarına ciddi zərər verməsə də, kiminsə körpəsinə həyati təhlükə yaşadacaq. Göyöskürək 100 gün öskürəyi adlandırılsa da 5 aya kimi uzana bilir. Çünki “Bordetella pertussis” mikrobunun “pertussin” toksininin nə vaxt bitəcəyi məlum olmur. Göyöskürəyəbənzər öskürək də bir aydan çox çəkir. Xüsusi müalicəsi yoxdur”.
A.İsmayılzadənin sözlərinə görə, göyöskürəyəbənzər öskürək zamanı bəlğəmgətirici vemək olmaz:
“İnhalyasiya etməyin mənası olmur. Yüz faiz təsir etməsə də, antibiotik vermək olar. Tərkibində “Drozera” bitkisi olan dərmanlar müəyyən qədər təsir edir. “Ketotifen” və ya “montel” kimi antiallergik dərmanlar təsir etmir. Tutma olanda təmiz havaya çıxarın. Evdə uşağın otağında açıq qabda yod qoyun ki, buxarlansın”. /ölkə.az/