Ermənistanda 44 günlük müharibə ilə bağlı istintaq: 43 "vətən xaini"
12-07-2022, 11:23

Hazırda Ermənistan Milli Təhlükəsizlik Xidmətinin İstintaq İdarəsində 2020-ci il sentyabrın 27-də başlayan 44 günlük müharibə zamanı törədilmiş "dövlətə xəyanət" faktları ilə bağlı 10 cinayət işi araşdırılır. 
AZİNFORM.AZ xəbər verir ki, 43 nəfər təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib və onlardan 10-u hazırda həbsdədir.
Həmin şəxslər 2020-ci ilin sentyabr-noyabr aylarındakı müharibə zamanı, habelə müharibədən sonrakı dövrdə Azərbaycan xüsusi xidmət orqanları ilə əməkdaşlıqda, maddi mənfəət müqabilində silahlı qüvvələr barədə məlumatları, silahların sayı və növü, hərbi texnikanın dislokasiyası, onların növləri haqqında məlumatları qarşı tərəfə ötürməkdə, Ermənistanın ərazi bütövlüyü və təhlükəsizliyinə ziyan vurmaqda ittiham olunur.
Qeyd edilib ki, xarici xüsusi xidmət orqanlarının əməkdaşları müxtəlif sosial şəbəkələrdə, əsasən "Facebook”, "Tik-Tok”, "Odnoklassniki” sosial platformalarında erməni qadını kimi fərdi istifadəçi hesabları açıb, hərbi geyimdə olan erməni hərbçiləri və ya silahlı şəxslərlə əlaqə quraraq, onları əməkdaşlığa cəlb ediblər. 
Ermənistan vətəndaşları ilə əlaqələr bəzən internetdən əlavə real həyatda da qurulub. Hətta iddia olunur ki, xarici xüsusi xidmət orqanlarının əməkdaşları ilə Ermənistan vətəndaşları arasında görüşlər əsasən Türkiyə, Gürcüstan, Moldova və Ukraynada təşkil edilib. /qaynar.info/
AZİNFORM.AZ




up