Hərbi xidmətə çağırışla bağlı mühüm dəyişiklik - Detallar açıqlandı
17-10-2023, 11:51

Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların hərbi xidmətə yararlı, yaxud yararsız olması barədə qərar verilməsi qaydası dəyişir. Bu, Milli Məclisin 16 oktyabrda keçiriləcək iclasının gündəliyinə daxil edilən “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.


Layihəyə əsasən, rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları tərəfindən bu qanunun 15.2.2-15.2.5 maddələrində (15.2.2. sıradankənar həqiqi hərbi xidmətə yararlılıq haqqında; 15.2.3. sağlamlıq vəziyyətinə görə həqiqi hərbi xidmətə müvəqqəti yararsız hesab edilməklə çağırışa möhlət verilməsi haqqında; 15.2.4. dinc dövrdə həqiqi hərbi xidmətə yararsızlıq, müharibə dövründə məhdud yararlılıq haqqında; 15.2.5. həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızlıq haqqında) nəzərdə tutulmuş qərarların verilməsi üçün yekun tibbi müayinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılacaq.

 

Bəs yeni qanunun mahiyyəti nə olacaq? Bu barədə danışan hərbi ekspert, ehtiyatda olan polkovnik Ramiz Şərifov Referans.az-a bildirib ki, yeni qərar sayəsində əvvəllər hərbi xidmətdən yayınan bəzi gənclər artıq bu əməllərə əl ata bilməyəcəklər: “Yeni qərarın mahiyyəti ondan ibarətdir ki, əvəllər Hərbi Komissarlıq ya da Dövlət Çağırış Komissiyası vətəndaşları çağıranda onlar özləri qərar qəbul edirdilər ki, bu şəxslər xidmətə yararlıdır, yoxsa yararsızdır. Bununla da bir çox vətəndaşlarımız, gənc nəsil kimlərinsə əli ilə xidmətdən yayınırdılar. 3 illik, 4 illik, xəstəliklə və digər bəhanələrlə, nəticədə nə qədər adam hərbi xidmətdən yayınırdı”.

 

Ekspert qeyd edib ki, yeni qərara əsasən hərbi komissarlıq özü tibbi cəhətdən yoxlama apara bilməyəcək. Onun sözlərinə əsasən, yoxlanış müvafiq orqan tərəfindən həyata keçiriləcək: Ya müvafiq icra hakimiyyətinin nəzdində komissiya tərtib olunacaq, onlar bütün çağrışçıları yoxlayacaqlar, yəni bir həkim olmayacaq, həkim komissiyası olacaq. Yekun qərar isə Dövlət Sosial Müdafiə Fondunun xəstəliklərin meyyarları var ona uyğun olaraq keçiriləcək. Bu da xidmətdən yayınmanın qarşısını almaq üçün alınan bir qərardır”.

 

Milli Məclisin deputatı Fazil Mustafa Referans.az-a bildirib ki, bu cür qərarların nə dərəcədə effektli nəticə doğuracağını dəqiqləşdirmək çətindir:

 

"Son vaxtlar hərbi komissarlıqlarda bu istiqamətdə neqtiv halların artdığı barədə mənim məlumatım yoxdur. Təbii ki, yayınanlar olur.  Amma bütövlükdə bu məsələlərdə ciddi şəkildə irəliləyiş əldə olunarsa, o zaman struktur islahatına getməyə dəyər. Biz bunun çox şahidi olmuşuq ki, bir sıra sahələrdə yaradılan qurumlar əvvəlkindən çox da effektli işləməyib. Hər halda düşünülübsə, yeni qurum bu məsələyə baxsın, yəqin ki, onun məsuliyət dairəsi də artacaq və burada su-istifadə hallarına yol verilməyəcək".

 

Deputat qeyd edib ki, hərbi xidmətdən yayınma hallarında bir az ictimai qınaq məsələsi çox önəmlidir. Onun sözlərinə görə, Türkiyədə bu ictimai qınağın olması müəyyən dərəcədə o yayınmanın qarşısını alır, amma bizdə ictimai qınaq yoxdur. Hər kəs buna sadə bir məsələ kimi baxırlar.





up