Anam zəng edir:
- Neynirsən?
- Heç, işdəyəm, quzu kəsim, vacib deyilsə, sonra danışaq, xəbər çoxdur.
Anam o darmacalda:
- İlqarın oğlu şəhid olub...
Anamın nə vaxtsa xəbər mənbəm olacağı ağlımın ucundan belə keçməmişdi.
Beynimin axtarış sistemi indiyədək tanıdığım, salam verdiyim bütün İlqarları axtarışa verir, söhbətin kimdən getdiyini tapmır. Görünür, bu xəbəri yaxına buraxmaq istəmədiyidən:
- Hansı İlqar?
- Əmi...
- Udqunuram. Gökhan??? Nə şəhid? Uşaq idi e o...
Mən 2005-də institutun birinci kursuna gedəndə doğulduğu üçün, ağlımda elə uşaq kimi də qalmışdı. Adını da qohum qızlar qoymuşdu - Gökhan...
Biz də zarafatla deyirdik ki, sən Allah, Ağdam hara, Gökhan hara?..
Bizim zarafatımızın sanki acığına Gökhan da gedib gör hara çıxıb, Ağdamdan da o tərəfə, Ağdərəyə, ordan da yuxarı - şəhidliyə...
Gətirməyə də İlqar əmi ilə oğulları Valehlə Qərib gedib.
Biz də həyətdə cənazəni gözləyirik. Bir qadın yaxınları ilə şəhidimizin evinə başsağlığına gəlib. Binanın qarşısına çatıb yuxarı qalxmaq istəyəndə öz oğlunun da şəhid olduğunu eşitdi.
Episentri qadının ürəyi olmaqla 12 ballıq zəlzələ baş verdi sanki. Sanki yox, dəqiq! Mənzərə çox ağır idi, dünya bir daha başımıza yıxıldı.
Çox şükür, növbəti gün oğlu anasına zəng edir ki, sağam...
Mingəçevirdə Şəhidlər Xiyabanında dəfndəyik. Sinəmə sıxılmış vəziyyətdə şəhid şəkli, gözlərim məzara zillənib, icra başçısı danışır, sonda şəhid atasına bayrağı verir.
Bundan sonra şəhid anası dizini yerə atıb oğlunun yenitikili son mənzilinə sarılır. Çox fəryad elədi, amma mən təkcə saçlarını yolduğu an başından çıxan səsi eşitdim...
Dəfn bitir, dünən “quzu kəsim” deyə xitab etdiyim anam zəng edir:
- Neynirsən?
- Heç, qurban olaram...
/qafqazinfo/
AZİNFORM.AZ