Cəbrayılın işğaldan azad edilməsindən 2 il ötür
4-10-2022, 09:08

Bu gün - oktyabrın 4-ü Cəbrayıl şəhərinin Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edilməsinin ildönümüdür.

Cəbrayıl şəhərinin işğaldan azad edilməsindən 2 il ötür.

Azərbaycan Ordusunun sentyabrın 27-də başladığı əks-hücum nəticəsində aparılan uğurlu döyüş əməliyyatları ilə öncə rayonun Böyük Mərcanlı, Nüzgar kəndləri, daha sonra 3 oktyabrda Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy, Quycaq kəndləri düşməndən təmizlənmişdi.

Oktyabrın 4-də Cəbrayıl şəhəri də erməni işğalından azad edilib. Həmin gün Cəbrayıl şəhəri ilə yanaşı, rayonun Karxulu, Şükürbəyli, Yuxarı Maralyan, Çərəkən, Daşkəsən, Horovlu, Dəjəl, Mahmudlu, Cəfərabad kəndləri də ermənilərdən geri alınıb.

Cəbrayıl şəhərinin işğaldan azad edilməsini Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev oktyabrın 4-də xalqa müraciətində elan edib.

Cəbrayıl 44 günlük Vətən müharibəsində işğaldan azad edilən ilk rayon mərkəzi olub.

Cəbrayıl əməliyyatı nəticəsində Ermənistan ordusunun xeyli canlı qüvvəsi və texnikası məhv edilib.

Artıq 4 oktyabr Cəbrayılın işğaldan azad edildiyi gün kimi tarixə düşüb.

Azərbaycan Respublikasında “Cəbrayılın azad olunmasına görə” medalı təsis olunub.

Prezident İlham Əliyevin sərəncamı ilə Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş hərbi qulluqçular “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif ediliblər.







up