"Arzuları ürəyində getdi, həmin il evlənmək fikri var idi..." - Şəhid anası
27-09-2022, 18:14

"Allah cəmi şəhidlərimizin məkanını cənnət etsin, yerini nurla doldursun, ruhları şad olsun. Mənim oğlum ehtiyyatda olan hərbçi idi, müharibə başlayanda könüllü getmişdi. Axırıncı gün Xocavənd istiqamətində olub. Bir neçə əsgərlə birlikdə Qırmızı Bazar yüksəkliyini azad edərkən mühasirəyə düşüb və şəhid olublar. Hamısı qəhrəman balalardır, mərd vətənpərvər oğullardır. Allah biz analara, yaxınlarına, əzizlərinə səbir versin, bundan sonra heç bir ailəyə, anaya bu acını yaşatmasın".

AZİNFORM.AZ xəbər verir ki, bu sözləri BiG.AZ-a açıqlamasında şəhid olan baş leytenant Kənan Süleymanlının anası Səadət Şirəliyeva deyib.

Şəhid anası qeyd edib ki, Kənanın ürəyində daim torpaq nisgili, haqq davası olub:

"Dövlətimiz, Vətənimiz güclənib qüvvətlənsin, mənfur düşmənlərimizin də Allah bəlasını versin! Oğlum subay idi. Şəhid olduqdan sonra onun 30 yaşı oldu. Arzuları ürəyində getdi. Həmin il evlənmək fikri var idi. Ürəyində haqq davası da var idi. Bizim uşaqlar elə bir şey gözləyirdilər ki, hamısı özünü atsın qabağa. Oğlum 4 medalla təltif olunub, Vətən müharibəsi qəhrəmanı sayılır. Bütün şəhidlərimizin hamısı qəhrəmandır. Onlar son nöqtəni qoydular, torpaqlarımızı işğaldan azad etdilər".

AZİNFORM.AZ





up