Bu ay onun doğum günüdür, yaşasaydı, avqustun 17-də 80 yaşı olacaqdı. Yaşamadı, 65 yaşında həyata vida etdi, özündən sonra işıqlı, sönməz xatirələr, möhtəşəm əsərlər qoyub getdi.
AZİNFORM.AZ “Bir ulduz axdı” layihəsində okean boyda sənəti olan, çox maraqlı həyat yaşamış dünya şöhrətli Müslüm Maqomayevdən danışacaq.
Onun atası teatrda rəssam, anası aktrisa idi. Atası Maqomet Maqomayev İkinci Dünya müharibəsində qələbəyə 15 gün qalmış həlak olub. Ata babası məşhur bəstəkar Müslüm Maqomayev idi. O, babasının adını və sənət yolunu nəinki layiqincə daşımağı bacardı, hətta şöhrəti ilə üstələdi.
Milliyəti barədə soruşanda Müslüm Maqomayev bildirib ki, anası Ayşət xanımın adıgey və tatar qanını daşıyır. Müslümün nənəsi Bağdagül xanım Terequlovların bacısı idi. Özü barədə danışanda “mən azərbaycanlıyam, atam Azərbaycan, anam Rusiyadır”, deyərdi.
Müslüm Maqomayev əmisinin evində böyüyüb. Atasının ölümündən sonra anası Rusiyaya gedib və ikinci dəfə ailə qurub. Müslüm Maqomayevin ana bir, ata ayrı Yuri adlı qardaşı, Tatyana adlı bacısı olub.
1950-ci illərin axırlarında, yeniyetməlik və ilk gənclik illərində Bakı məhəllələrindən birində yaşayıb. Həyətlərində, dostlarının arasında mahnı oxuyardı. Gənc Müslümün nadir səsi, qeyri-adi istedadı təbii ki, Azərbaycanın musiqi ictimaiyyətinin diqqətini də cəlb etmişdi. Məşhur dirijor və bəstəkar Niyazi onu çox sevir, sənətdəki hər addımına göz qoyur, qayğısına qalırdı.
1960-cı illərin ortalarında Müslüm SSRİ-də və bir sıra digər ölkələrdə geniş tanındı. Təsadüfi deyil ki, Böyük Teatrın rəhbərliyi nəyin bahasına olursa-olsun onu öz truppasına cəlb etmək istəyirdi. İş hətta o yerə çatdı ki, SSRİ mədəniyyət naziri Yekaterina Furtseva Müslümü öz şəxsi himayəsinə götürdü.
Onun ən böyük arzularından biri İtaliyada təhsil almaq idi. Nəhayət, həmin gün də gəlib yetişir və gənc Müslüm Azərbaycan Opera və Balet Teatrı tərəfindən "La skala" teatrına təcrübə toplamağa göndərilir. Ona qədər isə şəxsi həyatında çox önəmli hadisələr baş vermişdi. 18 yaşında evlənmiş, bir il sonra boşanmış və ata olmuşdu.
Müslüm Maqomayevin Ofeliya adlı xanımla birinci nikahı cəmisi bir il sürüb. O zaman 18 yaşı var idi. Bu evlilikdən olan qızı Marina akademikdir, əri və oğlu ilə ABŞ-da yaşayır.
Müslümün nənəsi Baydigül xanım bu evliliyin o qədər əleyhinə olur ki, hətta sevimli nəvəsinin pasportunu həmin xanımla evlənməməsi üçün gizlədir. O, Ofeliya ilə heç kimə heç nə demədən nikahlanır.
“Mən Ofeliyanın ailəsigildə yaşamağa başladım. Onun atası kimyaçı-alim idi, nəzakətli, təvazökar, qayınanam isə dəhşətli idi. Çox tezliklə münasibətlərimiz pisləşdi. Onlar məni yaxşı ər hesab eləmirdilər və bu mənə ən ağır təhqir idi.
Sərhəd Qoşunlarının Bakı dairəsinin mahnı və rəqs ansamblına qəbul edildim. Ancaq Ofeliya qastrol cədvəlinə əsəbiləşirdi, qısqanırdı. Qastrolların çoxluğu məni ev qayğılarından uzaqlaşdırmışdı. Səfərlərdən evə qayıtmaq istəmirdim, xarakterim əxlaqlı evdar kişi rolunu oynamağa imkan vermirdi. Ailə olmaq üçün uşaq sayılacaq qədər gənc idik. 1961-ci ildə bizim qızımız oldu, biz onun adını Marina qoyduq. Marina mənim ilk məhəbbətimin adı idı. Onu 13 yaşımda sevmişdim. Ailə həyatımız alınmadı, ayrıldıq”, - Müslüm müsahibələrindən birində o günləri belə xatırlayırdı.
Hazırda Marina əri Aleksandr Kozlovski və anası Ofeliya ilə ABŞ-ın Ohayo ştatında yaşayır. Marina atası ilə çox yaxın olub, Müslüm də daim qızı ilə dostluq münasibətlərini dəyərləndirib. Marina atası vəfat edəndə onunla vidalaşmaq üçün Bakıda keçirilən dəfn mərasimində iştirak edib. Ofeliya da dəfndə iştirak etməyi çox istəyib, lakin nəvələri ilə ABŞ-da qalmalı olub. Maraqlıdır ki, Ofeliya ilə Tamara Sinyavskaya çox mehriban münasibətlərdə olublar. Tamara hətta Marinanı Ofeliyadan alıb, Müslümlə birlikdə gəzməyə çıxarırdı.
Müslüm Maqomayev İtaliyaya oxumağa gedəndə artıq çox məşhur idi. Hətta SSRİ Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Leonid İliç Brejnev öz yaxınları ilə söhbətdə “Bu oğlanı nəzarətsiz qoymaq olmaz, italyan qızları onu əlimizdən dartıb alacaq, evləndirmək lazımdır”, deyə bildiribmiş.
Müslüm Maqomayevin çoxlu sevgi romanları olub. Onların arasında kimlərin adları çəkilməyib? İddialara görə, Brejnevin qızı Qalina ilə də sevgili olub.
Onun böyük məhəbbəti 60-70-ci illərdə ümumittifaq radiosunun musiqi redaktoru Lyudmila Karaeva ilə olub. Onların birgə həyatı 15 il sürüb.
Maqomayev həyatındakı böyük qadınla - opera müğənnisi Tamara Sinyavskaya ilə 1972-ci ildə tanış olub.
Bakıda filarmoniyada keçirilən rus incəsənəti dekadasında tanış olmuşdular. “Bolşoy Teatr”ın primadonnası Bakıya fəxri qonaq qismində dəvət olunmuşdu. Tamara Sinyavskaya ilk tanışlıqda Müslüm özünü təqdim edərkən deyib: “Siz hələ özünüzü təqdim edəcəksiniz? Sizi ki, bütün İttifaq tanıyır”. O ərəfədə Tamara da İtaliyaya oxumağa gedir. Tamara xanımın dediyinə görə, Müslüm o qədər utancaq olub ki, ilk dəfə eşqini ona məktub yazaraq bildirib. Sonralar hər gün iki ölkə arasında edilən zənglərə, telefon danışıqlarına Moskvanın bütün rabitəçi qızları qulaq asırdılar. (Zənglər yalnız sabit telefonla edilirdi və poçt vasitəsilə calaşdırılırdı). Onlar böyük Müslümün sevgidən necə iztirab çəkdiyini görürdülər.
Böyük sevgi romanı başlayandan 3 il sonra Tamara ərindən ayrılır. Müslüm Maqomayev müsahibələrindən birində demişdi ki, mən onu ərindən oğurladığıma görə, vicdan əzabı çəkirdim. Tamaranın əri ilə Müslümün münasibətləri sonralar normal qaydada davam edib. Deyilənə görə, bu iki məşhur simanın evlənməsində Brejnevin xüsusi marağı olub.
Maqomayevin ölümündən sonra iki oğlu ”dünyaya gəlib”.
Müslüm Maqomayevin pərəstişkarlarından biri, Yelena Katkova adlı qadın illər sonra ondan bir uşaq dünyaya gətirdiyini iddia edib.
Yelena Katkova bu iddiasını məşhur aparıcı Andrey Malaxovun “Qoy danışsınlar” (“Pust qovoryat”) adlı verilişində səsləndirib.
Yelena Katkovanın sözlərinə görə, həmin vaxtlarda Müslüm Maqomayev həyat yoldaşı Tamara Sinyavskayanın ağır əməliyyat keçirməsinə görə əzab çəkirmiş. Bu səbəbdən Yelena Katkova Maqomayevə mənəvi dəstək və təsəlli verdiyini danışıb. Bütün bunlar onları bir müddətliyinə yaxınlaşdırıb.
Yelena verilişdə iştirak edənləri inandırmağa çalışıb ki, Maqomayevin bu uşaqdan xəbəri olub. Hətta Tamara Sinyavskaya belə onunla birlikdə bir neçə dəfə gəzməyə çıxıb.
Bu Müslüm Maqomayevlə bağlı birinci belə hadisə sayılmır.
Vaxtilə ABŞ-da yaşayan Daniel Fiqotin adlı şəxs də özünü mərhum sənətkarın nikahdankənar oğlu adlandırmışdı. O, hətta Bakıya gələrək Fəxri xiyabanda görkəmli sənətkarın qəbrini ziyarət edib. Ölənə qədər isə onu qadınlar demək olar ki, əllərində gəzdirirdilər.
Rusiyanın xalq artisti Mixail Qusman xatirələrində yazır:
“Tatarıstanda Azərbaycan mədəniyyəti günləri idi. Qardaşımın kapitanı olduğu KVN komandasının da çıxışı var idi. Konsertdən sonra o qardaşımla mənə limuzinlə mehmanxanaya getməyə dəvət etdi. Sükan arxasına özü keçdi. Darvazanın qarşısında o qədər pərəstişkar var idi ki, şüşəni açmaq olmazdı. Fanatlar maşını yerdən qaldıranda mən qorxdum. İlk dəfə idi belə şey görürdüm. Mən ilk dəfə adamların əlində yellənən avtomobildə oturmuşdum. Hamısı Müslüm deyə qışqırırdı. Sonradan adamları kənarlaşdıra bildilər və biz yolumuza davam etdik”.
Xalq Yazıçısı Çingiz Abdullayev Müslüm Maqomayevin yaxın dostu olub. O, dahi sənətkarı belə xatırlayır:
“Moskvada qadınlar Müslümün ağ “Volqa”sını o qədər öpmüşdülər ki, avtomobil qırmızı rəngdə görünürdü. Bir dəfə onunla söhbət edərək pillələri qalxırdıq. Dönüb baxdım ki, arxadan gələn qadınlar Müslümün əlinin dəydiyi məhəccəri öpürlər. Ona qarşı çox böyük sevgi var idi”.
Müslüm Maqomayev elə təkcə möhtəşəm ifa etdiyi “Azərbaycan” mahnısına görə yaddaşlarda qala biləcək sənətkar idi. Böyük ulduz ömrünün son illərində demək olar ki, inzivaya çəkilmişdi. Səhnədən şahanə şəkildə getməyi bacarmışdı Müslüm. Müslim 65 yaşında uzunmüddətli ürək xəstəliyindən sonra həyat yoldaşının qollarında can verdi. Bakıda I Fəxri Xiyabanda dəfn olundu. Müslüm ölərkən Fəxri Xiyabana o qədər əklil və gül göndərilmişdi ki, məzarın üzərində böyük yaşıl təpə yaranmışdı.
Dünya bir daha belə böyük sənətkar yetişdirəcəkmi? Kim bilir. Amma Müslümdən bir daha olmayacaq, bu dəqiqdir. /lent.az/
AZİNFORM.AZ