Həsənağa Turabovun oğlunun güllələndiyi AN – “Əlişir, mənəm, Kərbəlayıdır” – Qızı DANIŞDI
21-07-2022, 14:16

"Atamı böyük qardaşımın vaxtsız ölümü əlimizdən aldı. Hələ çox yaşayacaqdı atam, çox rollar oynayacaqdı. Daşqının faciəli surətdə həlak olması atamı ürək xəstəsi etdi, ondan sonra yaşaya bilmədi".

Bu sözləri səhnəmizin "Gəray bəy"i, mərhum xalq artistimiz Həsənağa Turabovun qızı Sevinc Turabova deyib. 

O, 1997-ci ildə martın 10-dan 11-ə keçən gecə Siyəzəndə polisin keçirdiyi əməliyyat tədbirində qardaşı Daşqın Turabovun cinayətkar tərəfindən öldürülməsindən danışır.
 

Həmin gün Siyəzən Rayon Polis Şöbəsinin (RPŞ) Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili işləyən Daşqın Turabov Bakıdan qayıdır və şöbənin qanunsuz silah saxlayan şəhər sakini Əlişir Tağıyevin tutulması ilə bağlı əməliyyat tədbirinə  qoşulur.

"Daşqın 8 martda gəlmişdi. Məni, anamı, həyat yoldaşını təbrik etdi. Deyirdi ki, əməliyyat olacaq, çox qala bilmədi və 10 martda Siyəzənə qayıtdı. Və... Səhərə yaxın o müdhiş xəbəri eşitdik" - deyə, Sevinc xanım ürək ağrısı ilə bildirir. Mənə qardaşım Yalçın dedi: - "Sevinc, Daşqını vurdular".

Bütün ölkəni şoka salan, Həsənağa Turabov və ailəsini, həmkarlarını, polis əməkdaşlarını sarsıdan dəhşətli qətl hadisəsi 1997-ci il mart ayının 10-dan 11-ə keçən gecə Siyəzən şəhərində baş verib.

Qanunsuz silah saxlayan şəhər sakini Əlişir Tağıyevi yaxalamaq Daşqın Turabovun həyatı bahasına başa gəlir. Əməliyyat qrupu evə daxil olan zaman cinayətkar polis əməkdaşlarının qarşısına avtomat silahla çıxıb və qarşısına ilk çıxan Daşqına atəş açıb. Daşqının Əlişirə dediyi "Əlişir, mənəm, Kərbəlayıdı" deməsi də gec olub, cinayətkar əlini tətikdən çəkməyib. Açılan atəş nəticəsində ağır yaralanan Daşqın Turabov bundan sonra 58 dəqiqə yaşayıb və "mən ölmək istəmirəm" - deyə-deyə can verib.

1997-ci ildə Siyəzən rayon polis şöbəsinin xidmət üzrə rəis müavini işləmiş Xanlar Vahabzadə deyir ki, "Mən həmin əməliyyatda iştirak etməmişəm. Digər rəis müavini İmran Mustafayev həmin əməliyyat qrupuna rəhbərlik edib. Əlişiri Daşqını vurandan sonra tutub saxlayan da İmran müəllim olub, İmran müəllim onu irəi atılıb tutmasaydı, Əlişir avtomatdakı güllələri polislərin üstünə boşaldacaqdı. 13 güllədən 6-sı Daşqına dəymişdi. Mən onu hadisədən sonra iki saat əvvəl görmüşdüm. Zarafatım vardı onunla. Daşqın başını daz qırxdırmışdı. Eynən atası Turabovun məşhur "Gəray bəy"i kimi. Hamı ona zarafatla Gəray bəy deyirdi, mən isə Kərbalayı deyirdim. Gecə bu xəbəri eşidəndə mən 5 dəqiqə dinib danışa bilmədim."

Həmin hadisədən sonra Turabovlar ailəsi çox ağır günlər keçirib. Həsənağa Turabovun qızı Sevinc danışır ki, "Atam özündə-sözündə deyildi, dinib-danışmadan hey bu ağır dərdi ürəyində çəkirdi. Daşqının dəfni günü atamı evə telefona çağırdılar. Yas çadırı həyətdə qurulmuşdu. Atamla telefonla danışan rəhmətlik Heydər Əliyev idi, baş sağlığı verirdi. 
Atam Daşqından sonra ürək xəstəliyinə tutuldu. Biz onu 2003-cü ildə itirdik. Daşqın öldürülən il doğulan oğluma onun adını verməyimiz də atama təsəlli olmadı".

Daşqının faciəli ölümündən sonra həyatını itirdiyi Siyəzən rayonunda polis şöbəsi yerləşən küçəyə Daşqının adı verilib. 1998-ci ildə polis şöbəsinin həyətində Daşqının büstü qoyulub. 

1998-ci ildə Heydər Əliyevin sərəncamı ilə göstərdiyi şücaətə görə Daşqın Turabov "İgidliyə görə medal"ı ilə təltif edilir. Həmin medalı keçmiş Daxili İşlər Naziri Ramil Usubov Həsənağa Turabovun qızı Sevinc Turabovaya təqdim edib. 

Amma bir müddət sonra hansısa səbəbdən Daşqının büstü polis şöbəsinin həyətindən götürülüb və anbara atılıb. Sonradan polis idarəsindəki otaqların birinə gətirilsə də yerinə bərpa olunması mümkün olmayıb. 
Həsənağa Turabovun qızı Sevinc Turabova xidməti vəzifəsini vicdanla yerinə yetirərkən həlak olan qardaşının büstünün bərpa edilməməsindən çox narahatdır. O, bunun üçün Daxili İşlər Naziri, general-polkovnik Vilayət  Eyvazovun işə qarışmasını, illərdir Daşqının yerindən qoparılmış büstünün yerinə qoyulmasını xahiş edir. /bizim.media/

 

 





up