“Həkimlərdən qorxurdu, deyirdi ki, qızım diş həkimi olub, dişlərimi düzəldəcək” - FOTOLAR
“Babalarının tanınmış aktyor olmağı nəvələrinə maraqlı gəlir”
“Bu gün atamın doğum günüdür. Yaşasaydı növbəti 69 yaşını birlikdə qeyd edəcəkdik. Atam öz doğum günlərini yaxınları, dostları, ən əsası ailəsi ilə birlikdə qeyd edirdi. Onun yeri ailəmizdə, dostlarının yanında hər zaman görünür. Bəzən harasa gedirəm atamla bağlı hər hansısa xatirə yadıma düşür. Fatmayıda evimiz var, atam da Fatmayı qəbirstanlığında dəfn olunub, hər dəfə ordan keçəndə kədərlənirəm. Uşaq vaxtı məni özü ilə tez-tez teatra və çəkilişlərə aparardı. Mənim üçün o günlər, illər unudulmaz idi. Çox qayğıkeş və diqqətli, övladlarını canından çox sevən bir ata idi. O həqiqətən də sadə bir insan idi. Onu yaxından tanıyanlar bunu bilir. Deyərdim ki, insanlar tərəfindən sevilməsinin səbəbi də budur məncə”
AZİNFORM.AZ xəbər verir ki, bunu moderator.az-a açıqlamasında xalq artisti, sevimli aktyor Telman Adıgözəlovun oğlu Tural Adıgözəlov deyib. O daha sonra əlavə edib.
“Biz atamızı hər gün öz aramızda yad edirik. Böyük oğlumun adı Telmandır. Hər dəfə onu çağıranda atam yadıma düşür. Nəvələri tez-tez babaları haqda soruşurlar. Babalarının tanınmış aktyor olmağı onlar üçün maraqlı gəlir. İdmanla məşğuldur, deyilənə görə atama çox oxşayır” deyə sənətkarın övladı Tural Adıgözəlov deyib.
Tural Adıgözəlov atasının ona verdiyi məsləhətlərdən də danışıb.
“Həmişə deyirdi ki, “ya kiməsə söz vermə, ya da söz verdinsə sözünü həmişə tut, kişi sözünün ağası olar”. Mənim və bacımın sənət seçiminə qətiyyən qarışmayıb. Seçimi həmişə özümüzə buraxıb. Səhnədə nə qədər zarafatcıl, deyib gülən olsa da evdə bir o qədər ciddi insan idi. Həkim qorxusu böyük olub. Çünki bir dəfə dişinə görə həkimə gedib, həkim düzgün müalicə etməyib. Sonralar diş həkiminə xofu olduğuna görə getmirdi. Deyirdi ki, qızım diş həkimi olub, dişlərimi düzəldəcək. Elə də oldu, bacım diş həkimliyini bitirib. Amma qismət olmadı ki, atam onun yanına gedib, dişlərini düzəltdirsin” deyə sənətkarın övladı bildirib.
AZİNFORM.AZ
Facebook
Вконтакте
Одноклассники
Google+