Karyerasına atası son qoydu, dostları nankor çıxdı... – Aktyor
16-07-2022, 13:33

AZİNFORM.AZ Kulis.az-a istinad aktyor Arif Mirzəquliyev haqqında maraqlı faktları təqdim edir.

Arif Teyyub oğlu Mirzəquliyev 6 iyun 1939-cu ildə Bakıda dünyaya gəlib. Atası Teyyub Mirzəquliyev Qusar rayonunun Uqur kəndində həkim işləyib. O, oğlunu gələcəkdə özü kimi həkim görməyi arzulayıb.

Orta məktəbi bitirən Arif Moskva Ümumittifaq Dövlət Kinemotaqrafiya İnstitutuna daxil olur. İnstitutun sonuncu kursunda təhsil alarkən Arif Mirzəquliyev dalbadal iki filmə - "Görüş" filmində Kamil və "O olmasın, bu olsun" filmində Sərvər obrazlarına çəkilərək, aktyor kimi özünü sübut edir və populyarlıq qazanır.

Təhsilini başa vurub peşəkar aktyor kimi vətənə qayıtmağa hazırlaşan Arifə Bakıdan teleqram gəlir. Bir cümləlik teleqramda yazıl yazılır “Arif, atan ağır vəziyyətdədir. Səni görmək istəyir”. Tələbə-aktyor təcili Bakıya gəlir, atası Teyyub həkim son nəfəsində ona deyir ki, “mən səni aktyor deyil, həkim görmək istəyirəm”.

Teyyub Mirzəquliyevin rəhmətə getməzdən əvvəl Arifi aktyor yox, həkim görmək istəyini dilə gətirməsi oğlunu öz yolunu dəyişməyə məcbur edir. Və Arif bir daha Ümumittifaq Kinematoqrafiya İnstitutuna qayıtmır. Atasının xahişi ilə Moskavadakı təhsilini yarımçıq qoyaraq Bakıya qayıtmış Arif imtahan verib Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olur. Onların ailəsində hamı həkim idi.

Beləliklə də o, Azərbaycan Dövlət Tibb İnstutunda təhsilini başa vuraraq, nevropatoloq ixtisasına yiyələnir. İncəsənətdən uzaqlaşan Arif Mirzəquliyev ömrünün sonuna kimi Bakıda həkim işləyir.

Xəstəxanaların birində həkim işləyən Arif yanına təcrübəyə gələn ikinci kurs tələbələrindən birinə aşiq olur. Onlar tanış olub ailə qururlar. Sonralar da hər ikisi eyni xəstəxanada, bir otaqda işləyirlər. Uzun illər onun otağına gənc qızlar gəlib gedir onun qapısını döyüb baxırlar ki, görək Sərvər kimlə evlənib.

Arif Mirzəquliyev uzaq qohumlarından birinə öz evində müvəqqəti məskunlaşmaq yer vermişdi. Bunun üçün qohumunu qeydiyyata da saldırmışdı. Günlərin birinə evini satmaq istəyən aktyorun köməklik etdiyi qohumu evdən çıxmır. Deyir ki, mən artıq bu evdə qeydiyyatdayam və burada da yaşayacağam. Arif məcbur qalıb evi hökumətə təhvil verəndən sonra onu oradan güclə çıxarırlar.

Deyilənə görə, “O olmasın, bu olsun" filmində Sərvər roluna əvvəlcə məşhur müğənni Rəşid Behbudovu çəkmək istəyiblər. Sərvəri də əslində Arif Mirzəquliyev yox, Rəşid Behbudov ifa etməli imiş. Həm rejissor, həm də Bədii Şura Rəşid Behbudovu təsdiqləyir. Hətta ona gələn təbrik məktublarında müğənnini ərkyana Sərvər də adlandırırlar. Vəziyyət isə əksinə olur. Ssenari ilə tanış olan R. Behbudov qətiyyətlə roldan imtina edir. Səbəb kimi isə özünü bu rol üçün yaşlı sayır. Bildirir ki, “Sərvər gimnaziya tələbəsidir, gəncdir, mən artıq onun üçün qocayam”. O zaman Behbudovun yaşı 40-a çatırdı.

Arif Mirzəquliyev illər sonra – 1980-ci idlə 3-cü dəfə kinoya dəvət olunub və o, bir sıra tanınmış aktyorlarla “Məşədi İbad-80, yaxud köhnə tanışlar” qısametrajlı filminə çəkilib. Burada yenidən Sərvər obrazını canlandırıb, amma bu dəfə başqa ampluada. Bu film isə elə də uğur qazana bilməyib.

Aktyor 1990-cı il avqustun 4-də ürək çatışmazlığından dünyasını dəyişir.

Aktyorun qızı Teyyubə xanıma atasının son günlərini müsahibələrinin birində belə xatırlayır: “O günləri yada salmaq çox çətindir. Atam siqareti çox çəkirdi. İki dəfə infarkt keçirmişdi. Bir dəfə ürəyindən ağrı tutanda özünə söz vermişdi ki, sağalsın, daha siqaret çəkməyəcək. Amma siqareti tərgidə bilmirdi. Atam hamıya həmişə kömək etmişdi, amma son nəfəsində ona heç kim kömək edə bilmədi. Hətta təcili yardım maşını da hadisə yerinə gecikmişdi. Ürəyindən qəflətən sancı tutması nəticəsində dünyasını dəyişdi. Atamdan sonra anam çox əziyyətlə yaşadı. Ona yaşamaq demək olmaz... Ömrünün son 4 ilini yataqdan qalxa bilmirdi. Bir-birlərinə çox bağlı idilər. Anam 2008-ci ildə uzun sürən xəstəlikdən sonra dünyasını dəyişdi. Atamın ölümündən 1 il keçməmiş bütün dostları onu unutdular. Halbuki, o insanlar atamın sağlığında evimizin yuxarı başında otururdular”.

AZİNFORM.AZ





up