Baba Vəziroğlu: “Sabah gedib Nizaminin saqqalını qoparacağıq, Füzulinin əsasını sındıracağıq”
28-05-2022, 16:54

Xəbər verdiyimiz kimi, xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin heykəlinə zərər vurmaqda təqsirləndirilən Vüqar Tağızadə və Allahverdi Məmmədliyə hökm oxunub. Məhkəmə Vüqar Tağızadəni 1 il 5 ay 28 gün, Allahverdi Məmmədlini isə 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edib.

Tanınmış şair, Əməkdar elm xadimi Baba Vəziroğlu mövzu ilə bağlı AZİNFORM.AZ-a danışıb. O, bildirib ki, ilk olaraq heç kimin azadlıqdan məhrum olunmasını istəmir, ancaq bir hərəkətdə cinayət tərkibi varsa, o zaman həmin şəxs cəzalandırılmalıdır:


“Təbii ki, hər bir dövlətin öz ədliyyə qanunları var. Əgər bir hərəkətdə cinayət tərkibi varsa, o, araşdırılır, sonra məhkəmə istintaqı gedir və onun hərəkətində müəyyən cinayət tərkibinin olub-olmadığı sübut olunur. Əlbəttə ki, ona müvafiq də cəza təyin olunur. İlk növbədə vətəndaşlarımızın bu hərəkəti qəbuledilməzdir. Hətta, Leninin heykəlinə qarşı bunu etsəydilər yenə həmin cəzanı alacaqdılar. Ümumiyyətlə, şəxsiyyətindən asılı olmayaraq tarixi abidəyə, dövlət əmlakına, mülkiyyətinə qəsd edənlər cəza almalıdır. Bu, bir aksiomadır. Qeyd edim ki, bütün sivil ölkələrdə bu cür abidələrə qarşı böyük hörmət bəsləyirlər. Hazırda tədbirlərlə bağlı Norveçdə rəsmi səfərdəyəm. İnanın ki, burada belə hərəkətlərə yol verilsə, həmin şəxsə bəlkə də 10-5 il verərdilər. Çünki burada bunlar müqəddəs sayılır. Əgər xalqın iradəsi ilə o heykəllər qoyulubsa, o, insanlara fərəh, qürur gətirirsə, vətənpərvərlik hissləri aşılayırsa həmin abidələri, heykəlləri  burada göz bəbəyi kimi qoruyurlar. Mən şəxsən özüm gəlib onlara heyranlıqla baxıraç, hətta, əllə toxunmağa belə ehtiyat edirəm ki, bəlkə kiminsə  xoşuna gəlməz. Yəni, burada abidələrə qarşı o dərəcədə ehtiram var. İndi təsəvvür edin ki, bizdə bir gün qabaq qoyulmuş heykələ qarşı barbarcasına, tərbiyəsizcəsinə o cür davranış sərgiləyirlər. Əlbəttə ki, bu cəzasız qala bilməz”. 

“Lap bir insanpərvərlik göstərib onları azad etdik. Onda belə bir pis ənənə yaranacaq ki, bunu etmək olar. Sabah gedib başqa bir tarixi abidəni, Nizami Gəncəvinin saqqalın qoparacağıq, Məhəmməd Füzulinin əsasını sındıracağıq. Əlbəttə ki, bu, pis bir president yarada bilər. O mənada bu qərarı normal qəbul edirəm. Yəni, burada bir qərəz görmürəm. Onlar müxalifətçi deyil ki, bir siyasi rəng verək onlara. Onlar sadəcə xuliqandılar. İkinci tərəfi də var ki, bu da yenə bağışlanmazdır. Başqa bir inqilabçı olsaydı, köhnə sovet dövründə qalmış heykəl olsaydı, demək olardı ki, nəsə bunların ürəyində kin qaynayır onlara qarşı.Axı Hacı Zeynalabdin Tağıyev bu millətin atasıdır, indi onun pulu bugünkü oliqarxların pulunun heç bir faizi də deyil. O, bizim üçün qədər işlər görüb, qızlar məktəbi açdı, şollar suyu çəkdi. Yəni, sayı hesaba gəlməyən işlər gördü və indi biz ona bu cür hörmətsizlik, sayğısızlıq göstəririk. Bunu etmək olmaz! Bunu bizim soydaşımız edəndə, vallah ad verə bilmirəm. Ona görə bu cəzaya normal baxıram. Bu başqa sivil ölkələrdə daha böyük cəza ilə dəyərləndirilir,”- deyə tanınmış elm xadimi fikirlərini yekunlaşdırıb. /demokrat.az/


AZİNFORM.AZ





up