"Bəsdir!" deyə-deyə ölən Xalq artistinin MÜƏMMALI SONU - VİDEO
3-08-2023, 10:05

Arif Əli oğlu Quliyev 16 may 1950-ci ildə Əli-Bayramlı şəhərində anadan olub. 

Çalışdığı Mingəçevir Dövlət Dram Teatrının kollektivi ona qız axtarmağa başlayır. Tanış ailənin qızına elçi gedirlər. Kollektivin öz pulu ilə qıza nişan üzüyü də alırlar. Həmin ərəfədə Arif hərbi xidmətə yollanır. Geri qayıdanda nişanlısının başqa sevgilisi olduğunu eşidir və ondan ayrılır.

Elə həmin ərəfədə başqa bir qızı sevir, ona çox bağlanır. Qızgilin evinə gedib anasına qızını istədiyini və fikrinin ciddi olduğunu deyir. Qızın anası artistə qız verməyəcəyini deyir. Arif məcburiyyət qarşısında qalıb, sevdiyi qızdan ayrılır. Ancaq Arif Quliyev aktyor kimi məşhurlaşandan sonra qızın anası onun yanına elçiliyə gəlir, qızını ona vermək istədiyini bildirir. Bu dəfə də Arif onlara yox cavabını verir.

AZİNFORM.AZ bildirir ki, Arif Quliyev uşaq evində böyüyüb. Üç yaşı olanda qara çarşablı bir qadın onu gətirib Mərdəkanda yerləşən uşaq evinin qarşısına qoyur. Arifə isə deyir ki, gedim, sənə peçenye alıb gəlirəm. Axşam saat 8-ə qədər üç yaşlı Arif uşaq evinin qarşısında həmin qadını gözləyir. Uşaq evinin müdiri işdən çıxıb evə gedəndə, qapının qarşısında üç yaşlı uşağı görür və məsələdən hali olub, onu uşaq evinə aparır.

Soyadı olmadığına görə onu pionerə keçirmirlər. Hər dəfə onun adı gələndə deyirmişlər ki, sən hələ gözlə. Arif bir kənara çəkilib yeni pionerlərə baxıb ağlayır. Onun Yəhya adlı müəllimi Arifə deyir ki, valideynin adı və familiyası olmadığı üçün onu pionerə keçirə bilmirlər. Arif daha çox ağlayanda, müəllim pis olur. Ona deyir, öz atamın adını və soyadını sənə verirəm. Atamın adı Əlidir, qoy, Əli sənin köməyin olsun. Bundan sonra onu pionerə keçirirlər.

Uşaq evinə başqa uşaqların yanına valideynləri, qohumları gələndə Arif pəncərədən həsrətlə onlara baxırmış. Belə günlərin birində sinif yoldaşından noğul istəyir. Oğlan vermir. Arif otağına gedib, çarpayısına uzanıb iki gün ağlayır. Bir neçə gündən sonra isə Xalq artisti Lütfiyar İmanova dördüncü sinif şagirdi kimi məktub yazıb ondan noğul istəyir. Bir həftə sonra Lütfiyar İmanov Arifə poçt vasitəsi ilə bir bağlama noğul yollayır. Arif həmin noğulları uşaq evindəki bütün uşaqlara paylayır. Ona noğul verməyən uşağı isə bir ağacın altında tək dayanan görür, yaxınlaşır, noğuldan bir ovuc həmin oğlanın ovcuna tökür.

Günlərin birində Arif teatrla birgə Tibb Texnikumunda keçirilən konsertdə iştirak edir. Zalda çıxış edən zaman hamı gülsə də, zalda irəli sıralarda əyləşən bir xanımın gülmədiyini görür. Bir müddət əvvəl avtobusda tanış olub, sonradan itirdiyi xanımı tanıyır və onu tapdığına sevinir. Sonra onun haqqında maraqlanır. Və 1977-ci ildə Gülzar adlı həmin xanımla ailə həyatı qurur.

Toy ərəfəsində bir qadın onun yanına gəlib, anası olduğunu deyir. Arif onun dediyi nişanələrə əhəmiyyət vermədən, həmin qadını anası kimi qəbul edir onunla ünsiyyət qurur, toyuna dəvət edir. Sonrakı illərdə isə özünü Arifin anası hesab edən on doqquz qadın ona müraciət edir. Arif onların hamısını ana kimi qəbul edir, heç birinin xətrinə dəymir.

Sevdiyi qıza elçiliyə getməyə Arifin heç kimi olmadığından işlədiyi Musiqili Komediya Teatrının aktyorları Nəsibə Zeynalova, Hacıbaba Bağırov, Eldəniz Zeynalov, Səyavuş Aslan onun elçiliyi üçün Gülzar xanımgilin evinə gedirlər. Evə girəndə Arif Quliyevin şəkli olan afişanı görürlər.

Onun toy etmək üçün pulu olmadığı üçün özünün yaratdığı Satira Teatrı ilə Qəbələ rayonuna gedir, orda otuz gün çıxış edir, konsertlərdən yığılan pulla özünə toy edir. Toyunun tamadası Eldəniz Rəsulov olur. Gülzar xanımla evlilikdən onların iki oğlu, bir qızı dünyaya gəlir.

Arif Quliyevin xanımı ağır xəstəliyə - Hepatit C virusuna yoluxur. Uzun müddət xəstəxanada müalicə alan xəstəyə artıq 2-ci qrup əlillik dərəcəsi təyin edilir. Bu haqda açıqlama verən Arif Quliyev heç kimdən kömək istəmir, həyat yoldaşının müalicəsi üçün vəsaiti özü qazanacağını söyləyir. 

Arif Quliyevin oğlu Fərid günlərin birində dostları ilə birlikdə Fariz adlı bir gəncin ölümünə bais olur. Fərid həbs olunur, uzun illik həbs həyatı və vərəm xəstəliyi Fəridin həyatdan erkən köçməsinə səbəb olur. 2012-ci ildə Arif Quliyev oğlunu torpağa tapşırır. 

Arif Quliyevin xəstəxanada boğula-boğula çapalaması məşhur bir aktyorun, Xalq artistinin xəstəxanada virusdan əziyyət çəkməsi kimi yox, bir yetimin ağrı içində qovrulması kimi göründü.

Və nəhayət, 6 may, 2021-ci il... O, mxəstəxanada çabalaya-çabalaya öldü.

AZİNFORM.AZ videosüjeti təqdim edir:

 





up