“İlk maşın Flora xanımla məndə olub” - FOTO
5-05-2023, 20:22

"Bir neçə dəfə işğaldan azad olunmuş ərazilərdə keçirilən tədbirlərə məni də dəvət ediblər. O qədər çağırıblar ki. Yol uzundur, o yolu götürmərəm. Heç halım da yoxdur. Səhhətimlə bağlı uzun yol gedə bilmirəm. Oralara ən azı 6-7 saat yol getməlisən. O vaxt mən hər yerə öz maşınımla gedirdim. İndi bizim ailənin də sürücüsü var. Özüm maşından istifadə etmirəm. Burdan-bura Razində qohumlarım olur, heç ora getmirəm. Onlar özləri gəlib-gedirlər. İndi maşın çoxdur, yollar da tıxac. O vaxt mən özüm sürürdüm. İlk maşın Flora xanımla məndə olub. Məndə jiquli idi. Yadınızdadır da yəqin".

AZİNFORM.AZ xəbər verir ki, bunu moderator.az-a açıqlamasında xalq artisti Əminə Yusifqızı deyib.

"Bu gün jurnalistlərlə görüşmürəm. Zəng edib deyirlər ki, "nə yenilik var?".Axı heç bir yenilik yoxdur. 25 il radioda veriliş aparmışam. O vaxt yeniliklər çox olurdu. Radionun qızıl fondunda yüzlərlə verilişlərim var. Bəzən onları verirlər. Özüm radioya getməsəm də, həmişə verilişlərim var. Məndən yadigar görün nə qədər zapislər var. Bunların hamısını bu gün üçün, gənclik üçün etmişəm" deyə sənətkar bildirib.

Xalq artisti bildirib ki, Fransada bir neçə tədbirdə çıxış edib."Fransada "Dədə Qorqud" dastanından həm oğulun, həm də atanın dialoqunu oxuyurdum. Birinci öz dilimizdə oxuyurdum, sonra da Fransızca. Mən gecə-gündüz onları əzbərlədim. Birinci dəfə Fransaya gedəndə heç oranı gəzmədim. Düzdür, nə vaxtsa Fransız dili keçmişdim, amma çox az yadımda qalmışdı. Fizulinin "Ey həkim" qəzəlini Fransız dilində səsləndirdim. Səhnədən düşəndən sonra foyeyə keçdim, gəlib mənimlə Fransızca danışırdılar. Elə bilirdilər ki, mən Fransızam. Çünki o qəzəli öz Fransız aktyorları oxuya bilmirdilər" deyə sənətkar bildirib.






up