Qlobal.net xəbər verir ki, Xalq artisti, tanınmış diktor Ofeliya Sənani moderator.az-ın suallarını cavablandırıb.
- Ofeliya xanım, özünüzü necə hiss edirsiniz?
- Belə də. O qədər də yaxşı deyiləm. İnsult olandan sonra huşum, yaddaşım gedir. Bəzən bir sözü yadıma salmaq üçün günlərlə düşünürəm. Qocalıqdır da.
- Tamaşaçıların sevgisini qazanmısınız. Bu hər sənətçiyə, diktora nəsib olan bir şey deyil.
- Bunu hiss edirəm. Yolda saxlayıb uşaqlarımı soruşurlar, həyatımla maraqlanırlar. Çox istəyirlər məni. Elə istəyirlər ki, məni qucaqlayıb öpsünlər. O gün də bir qadın məni öpəndə üzüyüm düşdü ayağının altına. Yaşlı qadın idi. Baxmayaraq ki, harasa gecikirəm amma məni yolda saxlayanda dayanıb onlarla söhbət edirəm. Bəzən onlardan ehtiyaclarını soruşuram ki, nə lazımdır? Baxma da, yaşlı qadındır. Bilsəm ki, evində ac oturub, vallah mənim boğazımdan çörək keçməz.
- Yeni efirə çıxan aparıcılarda nəyi bəyənmirsiniz?
- O qədər bəyənmədiyim xüsusiyyətləri var ki. Bəzən görürsən ki, efirdə şaqqanaq çəkib gülür. Olmaz, ayıbdır. İnsan elə gülməlidir ki, səsi çıxmasın. Axı ekranın o biri başında bizi dərdli, problemli, yaxınlarını itirən şəxslər də izləyir. Onları da nəzərə alıb, danışmaq lazımdır. Elə aparıcılar var ki, qüsurludur, "r" hərfini deyə bilmir. Evimdə 4 televizor var, efirlərdən nigaranam, ona görə də izləyirəm. Vallah, nömrələrini bilsəydim zəng edib iradlarımı onların özlərinə
- Tək yaşayırsınız?
- Bəli, bu evdə tək yaşayıram. İki pişiyim də var. Bəzən övladlarım gəlib mənimlə qalır.
- Heyvansevərsiniz?
- Çox, həddindən artıq. Ən vəhşi heyvan belə məni görəndə sakitləşir. Bəzən küçədə itləri, pişikləri yemləyirəm. O zaman o qədər sakitləşirəm ki. Arxayın oluram ki, ac deyillər. İndi iki pişiyimdən birini də vaxtilə çöldən tapmışam.
- Tək darıxmırsınız?
- Tək deyiləm ki, Valid də həmişə mənimlədir. Tez-tez yuxularıma gəlir. Hətta bayram günləri mən səhər saat 9-da Novxanıda, onun məzarı üstündə oluram. Novxanı qəbirstanlığında yer götürdüm, amma Valid məndən qabağa düşdü. Övladlarıma da, yaxınlarıma da demişəm ki, məni Validin yanında dəfn edərsiniz. Əksər qohumlarımın hamısı oradadır, gedib-gələndə məni də ziyarət edərlər. Ölümdən qaçmaq mümkün deyil, hamı üçün var.
- Diktor dostlarınızla əlaqə saxlayırsınız?
- Əlbəttə! Demək olar ki, gündə zəngləşirik. Roza, Şərqiyyə, mən, ilk qadın rejissoru Solmaz Həmzəyeva ayrılmaz dostlarıq. Bütün çətinliklərimiz bir-birimizin gözü qarşısında olub. Biz ayrılmaz dostlarıq.
- Doğma kanalınıza gedib-gəlirsiniz?
- Bəli, həftədə bir dəfə gedib-gəlirəm. Radioda uşaq verilişi üçün səs oxuyuram. O qədər sevirəm ki, televiziyanı. Özüm yolumu uzadıb, bir az da televiziyanın həyətini gəzirəm. Heç evə qayıtmaq istəmirəm.