Pulu olmadığına görə, dəfn edilməyib, meyiti yandırılaraq, külü okeana tökülən bir aktrisa olduğunu bilirdiniz? Belə bir insan yaşayıb. Hətta dahi Üzeyir Hacıbəyov onu “Ürəkləri fəth edən qadın” adlandırıb. Söhbət Azərbaycanın məşhur opera ifaçısı Sona Aslanovadan gedir.
AZİNFORM.AZ-ın xəbərinə görə, o, 1924-cü ildə Bakıda anadan olub. Konservatoriyanı bitirdikdən sonra Üzeyir Hcıbəyovun təkidi ilə Opera teatrına gəlib və maraqlı obrazlar yaradıb. 200-dən çox mahnı ifa etmiş gözəl müğənni "Görüş", "Telefonçu Qız" və başqa filmlərdə epizodik rollarda çəkilib. Opera səhnəsində "Arşın Mal Alan"da Gülçöhrə, "Əsli və Kərəm"də Əsli, "Koroğlu"da Nigar obrazını oynayıb.
Sona xanım 1994-cu ildə ABŞ-a oğlunun yanına köçüb. 2008-ci ildə iflic olduqdan sonra səsini itirib. 2011-ci ildə 87 yaşlı Sona Aslanova Los-Ancelesda vəfat edir. ABŞ-da dəfn xərcləri çox baha olduğundan, oğlunun imkanlarının olmadığını bilən ana cənazəsinin yandırılıb, külünün okena səpilməsini vəsiyyət edib.
Yaxın qohumlarının dediyinə görə, o, bunu ürəkdən arzulamayıb. Bakıya dönməyi arzu etsə də, bu arzu imkansızlığa görə çin olmayıb. Oğlunu çətinliyə salmamaq üçün belə bir vəsiyyət edib.