AZİNFORM.AZ kulis.az məşhur aktrisa Nuriyyə Əhmədova haqqında maraqlı faktların toplandığı videomaterialı təqdim edir.
Əsl adı Nuriyyəxanım olan Nuriyyə Əliağa qızı Əhmədova 26 dekabr 1950-ci ildə Bakıda (bəzi mənbələrə görə Şəkidə) anadan olub. Atası hərbçi, anası evdar qadın olub. Ailəsi aktrisa olmasını istəməyib. Anası onu sonadək bu peşəyə görə bağışlamayıb. Nuriyyə xanım bunu lənət hesab edib. Ümumiyyətlə, aktrisanın dəhşətli etiraflarından biri də məhz budur; o sənətə görə lənətləndiyini düşünüb:
“Mənim səhvim o oldu ki, ailə həyatı qurdum. Sənətdə yüksəldikcə ailədə itkilərimin sayı da çoxaldı. Bir gün gülmüşəm, bir saat sonra ağlamışam. Anam aktrisa olmağıma görə məni son nəfəsinə kimi bağışlamadı".
“Həm ziyarət, həm ticarət”, “Bağ mövsümü”, “Yuxu”, “Bala başa bəla”, “Fransız”, “Bəxt üzüyü”, “Hər şey yaxşılığa doğru”, “Yoxlama”, “Sahilsiz gecə”, “Yerlə göy arasında”, “Milli bomba”, “Mozalan” süjetləri…
Kinoda onun istedadını üzə çıxaran Şahmar Ələkbərov olub. “Sahilsiz gecə” filmində erməni fahişəsi Roza rolunu verməklə onun aktyor ampluasının genişliyini sübut edib: “Ürkək utancaq qız idim. O zamanadək ana, bacı rolları oynayırdım. Birdən-birə bu obraz!”.
Filmoqrafiyasında bu qədər epizodik olsa da, parlaq, yaddaqalan filmləri, obrazları olan aktrisa şübhəsiz xoşbəxtdir. Amma, yəqin ki, kino sənəti tarixində onun qədər faciəli taleyi olan aktrisa yoxdur. Həyatda bədbəxt, sənətdə xoşbəxt qadın. Özü haqqında “mənim həyatım elə ayrı bir filmdir” deyirdi…
Nuriyyə Əhmədova Musiqili Teatrda işlədiyi vaxtda Əminə Yusifqızının qardaşı, musiqiçi Xanlar İbadovla tanış olub ailə qurur. Bu evlilikdən onların 3 övladı dünyaya gəlir: İlahə, Əli və Faiq.
Ailəsinin, övladlarının sevincini yaşamaq aktrisaya nəsib olmur. 20 yaşında ikən yenicə ana olmuş qızı gözünün qarşısında kürəkəni tərəfindən qətlə yetirilir. Nuriyyə xanım bundan böyük sarsıntı keçirir. Kinoda dil-dil ötən aktrisa üç gün danışa bilmir. Dili tamam tutulur. Özünə gələndən sonra qızının övladını götürüb saxlamağa qərar verir.
Amma qara xətt bununla bitmir. Nuriyyə xanım oğlunun xoşbəxtliyindən də təsəlli tapa bilmir. Övladlarını itirən oğlunun ailəsi dağılır. Az sonra oğlu Əli xərçəng xəstəliyinə tutulur və 37 yaşında vəfat edir. Müsahibələrinin birində bu haqda deyir:
“Həyatda dərdim çoxdur. Qızım dünyasını dəyişdi. Böyüdüb, başa çatdırdığım oğlum Əlini itirdim. Oğlum ailəli idi. Övladı olmurdu, bədənində mikrob tapmışdılar. Bir uşağı olmuşdu, qırxı çıxan kimi öldü. Mikrob övladımı içdən yedi. Özümün isə səhhətim pisdir. İndi yanımda qalan övladım Faiqə görə ayaqda qalmağa çalışıram. Onu oxudub başa çatdırmalıyam. Ailəmdəki faciələr məni yıxdı, amma sənət yaşadır".
Yaşanan psixoloji gərginlik, maddi problemlər üzündən həyat yoldaşından ayrı yaşamağa qərar verir. Aktrisa uzun illər evsiz olub, kirayələrdə yaşayıb. Bir neçə dəfə müsahibələrində dövlətdən birotaqlı ev istəsə də, verilmir. Ömrünün sonuna kimi rəfiqələrinin evində yaşamalı olur. Ölümündən əvvəl müsahibələrində belə deyirmiş:
"Mənim heç vaxt evim olmayıb. Həmişə kirayədə yaşamışam. Sənətə gələndən ev növbəsində dayanmışam. 48 ildir gözləyirəm"
Nuriyyə Əhmədova 10 oktyabr 2015-ci ildə saat 04:30-da kəskin ürək tutmasından Bakıda rəfiqələrindən birinin evində də vəfat edir. Vəsiyyətinə əsasən Şüvəlan qəbiristanlığında oğlunun və qızının məzarlarının yanında dəfn olunmuşdur.
Ölümündən sonra aktrisanın yaxınları qeyd edib ki, Nuriyyə Əhmədova saçlarını kəsdirəndə, darayanda bir torbaya yığırmış ki, öləndə balış düzəldib yanında basdırsınlar.