Son vaxtlar insanların telekanallara üz tutub, sosial verilişlərdə özlərinə həyat yoldaşı axtarması birmənalı qarşılanmır. Bəzi insanlar buna müsbət yanaşsa da, bəziləri onları qınayır.
Sosial şəbəkələrdə bəzi istifadəçilər özünə həyat yoldaşı axtaranlara pis baxmadığını qeyd edirlər.
AZİNFORM.AZ xəbər verir ki, mövzu ilə bağlı yenisabha.az-a danışan “Elgizlə izlə” proqramında ekspert qismində çıxış edən Əməkdar artist Kübra ƏIliyeva burada qəbahət bir şey olmadığını bildirib.
O, insanların özünə qulaq yoldaşı axtarmaq üçün efirə üz tutduqlarını qeyd edib:
“Verilişə gəlib özünə həyat yoldaşı tapanlar xoşbəxt olurlar, niyə olmasınlar ki? Bu dünyanın hər yerində var. Bütün dünyada bu cür proqramlar var, həmçinin bizdə də. Burada pis heç nə görmürəm. İnsanlar tək yaşamaq istəmir, təklik Allaha məxsusdur. Evlənsinlər, ikinci baharlarını yaşasınlar, Allah hamısını xoşbəxt etsin. Burda pis iş yoxdur. Əksinə, bu çox gözəl təşəbbüsdür. Onları evləndirəndən sonra veriliş komandası yanlarına gedir, onları yoxlayırlar da. Hələ ki, bu təşəbbüs yenidir, insanlar yeni-yeni evlənməyə başlayırlar. Allah xeyirlərini versin”.
Aktrisanın sözlərinə görə verilişə müraciət edən insanlar macəra yox, qulaq yoldaşı axtarışındadırlar:
“Yaşlı insanlardır, tək qalırlar, istəyirlər yanlarında bir adam olsun, onlara hayan olsun. Onlar özləri də efirə üz tutanda qeyd edirlər ki, qulaq yoldaşı axtarırıq. Kim nə istəyirsə, Allah ürəyinə görə versin. Bu qısa ömürdə kim nə istəyirsə, Allah istədiyini yetirsin. Evlənmək istəyirlər, gəlirlər. Bizə isə Allah xoşbəxt etsin demək düşər. Proqram da çox gözəl gedir, gələnlər də çoxdur. Fikir verin nə qədər yaşlı insanlar gəlir ki, arvadı yaxud əri ölüb, övladlarını yerbəyer edib, indi istəyir ki, yanında bir qulaq yoldaşı olsun. Onlar ər-arvadlıq axtarmırlar, yan yoldaşı axtarırlar. Kim axtarırsa, xeyirli olsun. Sağ olsun aparıcılar da çox gözəl, səliqəli bu prosesi aparırlar, yaşlı adamlara nişan edirlər. Danimarkada bunun üçün özəl klublar var, insanlar gedib orada otururlar, xəbərlərə də çıxır. Orada qohumum yaşayır, ona görə bilirəm. Biz azərbaycanlıyıq deyə bəzən camata buna bir az birtəhər baxır, amma baxmasınlar. Allahın işini bilmək olmur”.