Özündən 24 yaş böyük direktorla evləndi, ermənilər ona hücum etdi - Oğlu Akif İslamzadə niyə heç vaxt onun haqqında danışmayıb?
12-05-2022, 12:10

Bu gün Xalq artisti Sara Qədimovanın anım günüdür.  

Atası Bəbiş kişinin böyük qızı idi Sara. Uşaqlıq illəri Abdal-Gülablıda keçib. Usta sənətkarların səslərinə heyran qalan Sara - Cabbar Qaryağdıoğlunun, Seyid Şuşinskinin, Xan Şuşinskinin ifalarını da ilk dəfə orda dinləyir. Atası onu Gülablıda qurulan musiqi məclislərinə aparır.

*** 

Anası qızına musiqini sevdirir, muğamların, mahnıların sözlərini öyrədirdi. Ata-ana sarıdan bəxti gətirən Saranın xoşbəxtliyi qısa çəkib. Əvvəl anasını, iki il sonra isə atasını itirib. Dörd bacı, iki qardaş başsız qalıblar.

1938-ci ildə özfəaliyyət kollektivlərinin baxış müsabiqəsi keçirilərkən Sara Qədimova da bu müsabiqədə iştirak edir. İlk dəfə nəhəng sənətkarların qarşısında çıxış edir. “Qatar”ı oxumağa başlayır. Ardınca “Gəlmə-gəlmə” xalq mahnısını ifa edir, ifanı dinləyən Üzeyir Hacıbəyli heyrətdən donub qalır.

***

1941-ci ildə Üzeyir bəyin təklifi ilə Hüseynqulu Sarabskidən muğam dərsləri almağa başlayır. Üzeyir bəy Sara haqqında Sarabskiyə deyir:

“Sənin nəzərlərin bu gənc qızın üzərində olsun”.

Tibb texnikumunda təhsil alan Sara xanım bayram konsertlərində mahnılar ifa edir. 22 yaşında növbəti konsertlərinin birində həyatının axarını dəyişən bir təklif alır. Sonralar Sara Qədimova həmin anları bu cür xatırlayır:

“Qədir müəllim Tibb Texnikumunun direktoru idi. Mən mamalıq şöbəsində oxuyurdum. 1944-cü ildə bir gün konsertdən sonra Qədir müəllim mənə yaxınlaşıb ciddi şəkildə "Səninlə ailə qurmaq istəyirəm" dedi”.

Sara xanım tərəddüd edir, buna səbəb Qədir İslamzadənin Saradan 24 yaş böyük olması idi. Ancaq Sara xanım onunla evlənir. Bu evlilikdən onların Akif adlı oğulları dünyaya gəlir. Lakin 8 il sonra cütlük evliliklərini bitirirlər.

Xanəndənin oğlu Akif İslamzadə də elə uşaqlıqdan musiqiyə həvəs göstərir. Sonralar o, Azərbaycanın ən sevilən estrada müğənnilərindən biri olur. Ancaq məşhurluğunun ən yüksək məqamında Akif İslamzadə səsini itirir. Akif bəy heç vaxt anası haqqında, Sara xanım isə oğlu haqqında mətbuata danışmırlar. Akif İslamzadə müsahibələrinin birində deyir:

“Bu barədə Sara xanımla şərt kəsmişik ki, heç vaxt bir-birimiz haqqında bəhs etməyək”.

Türkiyənin sabiq prezidenti Süleyman Dəmirəl prezident seçilməmişdən əvvəl Bakıda səfərdə olarkən Sara Qədimovanın ifasını dinləyib. Sara xanım o zaman Abbas Səhhətin məşhur “Könlümün sevgili məhbubu mənim, vətənimdir, vətənimdir, vətənim” qəzəlini muğam üstündə ifa edərkən Dəmirəlin çox xoşuna gəlib. Dəmirəl prezident seçiləndən sonra Sara xanımla görüşüb.

***

1944-cü ildə Xan Şuşinski ilə Sara xanım Rza şahın dəvəti ilə İrana çağırılır. Şahın qarşısında çıxış edən Sara xanımın ifası şahı necə valeh edirsə, ona orden bağışlayır.

Sara xanım 1969-cu ildə İrəvana, qastrol səfərinə yollanır. Gecə Canəli Əkbərovla Güldüzü kəndində kolxoz sədrinin evində söhbət edirlərmiş. Qəfildən qapı açılır və bir kişi içəri keçir. Konsertin hansı dildə olacağını soruşur. Sara xanım da cavab verir ki, afişada yazılıb, gedin oxuyun. Bu kişi də erməni imiş. Səhəri günü konsertdə işıqları söndürürlər. Telefonlar kəsilir, aləm dəyir bir-birinə. Bu qarmaqarışıqlıqda bir neçə nəfər yaralanır, Sara xanımla Canəli Əkbərov yük maşınına minib aradan çıxa bilirlər.

1964-cü ildə Sara xanım ağır yol qəzasında yaralanır. Bundan xəbər tutan rəfiqəsi məşhur kosmonavt Valentina Tereşkova Moskvanın ən tanınmış travmatoloqunu Bakıya göndərir.

2003-cü ilin 12 mayında uzun sürən xəstəlikdən sonra Sara Qədimova vəfat edir. I Fəxri xiyabanda dəfn olunur. /kulis.az/




AZİNFORM.AZ





up