Aparıcı Zaur Baxşəliyev tar istadı, Prezident mükafatçısı, Xalq artisti Möhlət Müslümovun paytaxtın mərkəzindəki evinə yollanıb.
AZİNFORM.AZ xəbər verir ki, həmin anlar “Zaurla Günaydın” səhər şousunun canlı efirində nümayiş olunub.
Zauru ilk olaraq M.Müslümovun nəvələri və tarzən oğlu Rüstəm Müslümov qarşılayıb.
Sənətkar evində müsahibə zamanı bildirib ki, onun anası və verilişin digər aparıcısı Günay Baxşəliyevanın (Zaur Baxşəliyevin həyat yoldaşı – red.) anası Qobudandır.
Canlı yayım zamanı Zaur yerdə olan 10 manatı görüb “Bu kimin puludur?” deyə ev yiyəsinə səslənib. Sənətkar “Sənin pulundur” deyə cavabını verib. Aparıcının “Sizdə 10 manat olmaz. Sizdə daha çox pul olar” deməsinə Möhlət Müslümov isə “Heç mənim 10 manatım da yoxdur” deyə gülərək şərh verib.
Sonra Z.Baxşəliyev Xalq artistinə sual ünvanlayıb: “Möhlət müəllim, sizin neçə fəxri adınız və mükafatlarınız var?”.
Tar ustadı “Xalq artisti, Milli Konservatoriyanın professoru, Prezidentin fərdi təqaüdçüsü və Heydər Əliyev təqaüdçüsüyəm. Dövlətimiz mənə hər şey verib. Bu mənzili də Cənab Prezident mənə bağışlayıb. 1450 manat Prezident təqaüdü alıram” cavabını verib. /bizim.media/