“Sənət adamları məni görəndə ayağa qalxırlar, gənclərlə savaşa çıxmamışam”
19-11-2022, 23:45

“Səməd Vurğun demiş-“bir yandan boşalır, bir yandan dolur, sirrini verməyir sirdaşa dünya”. Gəlimli-gedimli dünyadır. İnsanlar həminki insanlardır. Sadəcə mühit, ətraf insanı dəyişir. 100-200 il bundan əvvəl texnika yox idi, insanlar qapalı idi, səmimiyyət var idi. İndi getdikcə elm inkişaf edir. Yenə də səmimi insan səmimi, qeyri-səmimi isə o cür olacaq. Bu insanların düşüncə tərzindən, vicdanından asılıdır. İstər sənətdə, istərsə də adi həyatda mənə qarşı heç kəs aqressiv deyil. Sənət adamları məni görən kimi ayağa qalxırlar, gəlib görüşürlər. Gör onlarda nə qədər etika, mədəniyyət var. Bu tək yaşla bitmir, insanın sənəti də olmalıdır”.

AZİNFORM.AZ xəbər verir ki, bunu moderator.az-a açıqlamasında xalq artisti Niyaməddin Musayev deyib. O daha sonra filmlərdə oxuduğu mahnılardan danışıb.

“Mən 1973-cü ildə “Qatır Məmməd” filmində oxumuşam. O vaxt heç tanınmırdım. Yaxşı ki, Əhsən Dadaşov məni bəstəkar Cahangir Cahangirovun yanına apardı. Ona demişdi ki, bir müğənni gətir, tanınmış olmasın, amma yaxşı səsi olsun. Mən də filarmoniyanın solisti idim. Məni apardı Cahangir müəllimgilə. Rayondan gələn oğlan idim, Cahangir müəllimi tanımırdım. İndi də filmdə həmin mahnıya qulaq asanda deyirəm ki, yaxşı ki, oxumuşam. Əgər o mahnını yaxşı oxumasaydım xəcalətini çəkərdim. Çünki film tarixdə qalır. Bundan əlavə “Qanlı zəmi” filmində də oxumuşam” deyə sənətkar bildirib.

Xalq artisti mahnılarının heç vaxt köhnəlmədiyini, zamanla ayaqlaşdığını bildirib.

“Heç vaxt köhnəlmədim, dəbdən düşmədim. Gəncləri qınamadım, onlarla savaşa çıxmadım. Var nisbətən yaşlı nəslin nümayəndələri ki, gənclərlə ayaqlaşa bilmirlər, hər şeydə bir bəhanə axtarırlar. Mən heç vaxt belə olmamışam, öz dəyərimi, çəkimi saxlamışam. Biz də gənc olmuşuq. Gəncliyin dünyaya baxışı tamam başqadır. Yaşlı insanlar da geriyə dönüb baxsınlar. Mən televiziyada bu gün cavanlara qulaq asıram, o qədər gözəl, rəngarəng musiqilər seçirlər ki. Baxıram ki, gənclik ruhu daha da qaynayır. Bir az zəif ifalar da var. Onlar da tədricən aradan qalxacaq. Mən indi də çalışıram ki, mahnılarım hər zaman aktual olsun. 1978-ci ildə yazdığım mahnılar indi də oxunur. Musiqi gərək gənclərin qəlbinə yol tapsın” deyə sənətkar bildirib.

Niyaməddin Musayev mahnılarını düzgün oxumayan müğənnilərə də iradını bildirib.

“Elə vaxt olub ki, demişəm ki, sən mahnımın sözlərini düzgün deməmisən, burda belə deməsən filan sözün məntiqi itər. Kim ifa edibsə yaxşı da oxuyub. Eləsi də olub ki, orijinala qulaq asmayıb, kimsə oxuyub, ona qulaq asıb oxuyub. Ona demişəm ki, get mənim oxuduğuma qulaq as, elə oxu. Onu tənqid etməmişəm, fikrimi bildirməmişəm ki, sən pis oxudun, sən yaxşı oxudun. Birinci insan özünə hörmət etməlidir, əgər özünə hörmətin varsa sən həmin gənclərə də hörmətlə yanaşmalısan” deyə xalq artisti bildirib.





up