“Evdə döşəmənin üstündən mel vasitəsilə nişanə çəkmişdim ki, o yolu keçəndə cırıldamasın, Yaşar yuxudan ayılar”
“Yaşar sağ olanda hər şeyimiz var idi, o dünyasını dəyişəndən sonra bütün qapılar üzümüzə bağlandı. Mədəniyyət Nazirliyi bir dəfə də olsun bizimlə maraqlanmayıb. Sənətkarların ailələrinə diqqət və qayğı lazımdır. Mən heç kimdən pul istəmirəm, amma ən azından maraqlana bilərlər də. Sənət yoldaşları maraqlanır, bəzən danışırıq, yazışırıq. Bu vəziyyətdə olan təkcə biz deyilik, bir çox sənətkarların ailələri var. Mədəniyyət nazirliyinə rəhərlik edənlər başa düşmür ki, sənətkarlar bu xalqın milli dəyəridir”
AZİNFORM.AZ xəbər verir ki, bunu moderator.az-a açıqlamasında xalq artisti Yaşar Nurinin xanımı Rəhimə Nuriyeva deyib. O, daha sonra əlavə edib.
“Yaşar ilk gündən mənə dedi ki, karam, koram, lalam. Bunları sən yadında saxla. Bir də məndən soruşma ki, sən harada idin?! Elə o illərdən bu fikirlər mənim yaddaşıma həkk olundu. Ona görə də ailəmizdə söz-söhbət, dığ-dığ çox olmayıb. Mən də buna şərait yaratmırdım. Düzdür, işləyib evə pul gətirirdi, amma evin bütün cəfası, səfası mənim üstümdə idi. Ailəmi qoruya bildim, elə xüsusiyyətləri var idi ki, hər qadın ona dözməzdi. Onu suallarla yormurdum ki, hardasan, kimləsən? Ona görə də hara gedirdisə evə gəlirdi. Bilirdi ki, ən rahat, ən əzizlənən yer onun ailəsidir. Gecə 2-də gəlirdi ki, çəkilişdəyəm. Səhər gəlirdi ki, aeroportda kimisə yola salırdım, iclasda idim, montajda idim. Bu sözlərə də mən inanırdım. Fikirləşmirdim ki, o mənə yalan danışır, yaxud doğru. Sonra bununla barışmağa başladım ki, kişi evə gec də gələr, harasa gedə də bilər. Bloka girəndən artıq hamı özünü yığışdırırdı ki, Yaşar gəlir. Mən qapıda durub onu gözləyirdim. Heç bir problemi ona biruzə vermirdim. Evdə döşəmənin üstündən mel vasitəsilə nişanə çəkmişdim ki, o yolu keçəndə cırıldamasın, Yaşar yuxudan ayılmasın. Bir də görürsüz hirslənirdi, evdən çıxanda şkafdakı paltarları yerə tökürdü, deyirdi ki, mən gedirəm, vaxtın boş olsa bunları yığışdırarsan (gülür). Son 10 ildə onunla böyük məhəbbət yaşadım. Son dəqiqəsinə qədər əlim əlində idi. Deyirdi ki, yanımda ol, gözümü açıb görüm ki, yanımdasan. Qayğıma qalırdı, özü də bir bilsəniz necə” deyə sənətkarın xanımı bildirib.