“Ağlamağı, kədərimi kiminləsə paylaşmağı sevmirəm. Kimsə də yanımda ağlayanda onu da sevmirəm. Şükürlər olsun Allaha, övladım, nəvələrim var. Bundan böyük xoşbəxtlik nə ola bilər həyatda?! Allah onların toy günlərini mənə qismət etsin. Həyat çox qısadır, vaxt var idi hamının ürəyində bir arzu var idi, amma indi heç kim arzu ilə yaşamır. Bu günlə yaşayır, çünki sabah nə olacağını heç kim bilmir”
AZİNFORM.AZ xəbər verir ki, bunu moderator.az-a açıqlamasında tanınmış müğənni Sevda Əliqızı bildirib. O daha sonra əlavə edib.
“Mən sənətdə çox tənbələm. O vaxt Səməd Səmədov hansı verilişə gedirdisə məni məcbur aparırdı. Məni gərək kimsə məcbur etsin. Vaxtında o qədər efirlərdə görünmüşük ki, indi gənclərə yol veririk. İndi qoy onlar çox görünsünlər. Biz gənclərə hörmət edirik, onlara yol açırıq, amma indi bəzi gənc müğənnilər var ki, adamı görməzdən gəlir. Biz özümüzdən bir-iki yaş böyük olan sənətkara da hörmət etmişik, onu uzaqda görəndə ayağa qalxmışıq. Necə ola bilər ki, biz düz onların gözünün içinə baxaq?! İndi bəzi yeni meydana gələn müğənnilərdə bunu görmürəm. Görürlər ki, özlərindən böyük sənətkar gəlir üzlərini o tərəfə çevirirlər. Bu hallarla dəfələrlə rastlaşmışam. Amma yaxşıları da var. Müğənni Röyanı misal çəkə bilərəm. Onun qədər məşhur müğənni var ki? Amma o məşhurluğa baxmayaraq yenə də sadəliyini qoruyub saxlayır. Harada görürsən uzaqdan da olsa qaçıb gəlib görüşür” deyə sənətçi bildirib.
Sevda Əliqızı bildirib ki, vaxtilə ona da sənətdə mane olanlar olub.
“Mən özüm gənc müğənnilərə yaxınlaşıb, maraqlanıram. Heç tanımıram kimdir, amma yenə də özümə borc bilirəm. Çünki mən özüm də gənc olmuşam, bu münasibətləri özümə qarşı da görmüşəm. Siz bilirsiniz ki, məni böyük sənətkarımız Rübabə Muradova hazırlayıb, el şənliklərinə çıxarıb. O vaxt Kubinkada bir toy var idi. Toyu da indi üzdə olmayan amma o vaxt çox məşhur olan bir müğənni aparırdı. Rübabə Muradova məni həmin müğənniyə göstərib dedi ki, sənətə yeni başlayır, icazə verərsən bir mahnı oxusun?! Həmin müğənni mənə dedi ki, mikrofonun var? Dedim ki, xeyr! Dedi “bəs mikrofonun yoxdursa necə oxuyacaqsan?”. O müğənni toyda mənə mikrofon vermədi, istəmirdi ki, mən oxuyum. İllər sonra məni görəndə soruşurdu ki, “toyun olursa, arada mənə də de”. O hadisə mənim yaddaşımda həmişəlik qalıb” deyə sənətkar deyib.
AZİNFORM.AZ