“Yalnız Eminin mahnılarını oxumaqla səhnəyə qayıdaram, sevən qəlb susmaz, məni o susdurdu”
10-10-2022, 23:35

“Mənə bəzən sual verirlər ki, “nə vaxt yenidən səhnəyə qayıdacaqsan?”. Bu sualı verəndə o qədər yaralı yerimə toxunurlar ki! Bu kitabı açanlar, heç vaxt onu istəyərəkdən bağlamırlar. Səbəblər olmasa hər hansısa sənət adamı bu sənətdən öz istəyi ilə gedə bilməz. Təbii ki, Emin müəllimin həyatdan gedişi ilə bu kitab mənim üçün qapandı. Emin müəllimin həyatdan gedişi dedim, çünki o mənim üçün ölməyib. Emin mənim üçün yaşayır, o həmişə mənimlədir. 22 il Eminsiz tək yaşamağım bunun isbatıdır hərhalda”

AZİNFORM.AZ xəbər verir ki, bunu Moderator.az-a özəl açıqlamasında məşhur müğənni Xədicə Abbasova deyib. O daha sonra əlavə edib.

“Sənət üçün necə darıxmaya bilərəm? Oxumaya-oxumaya dedim ki, görəsən səsim necədir? Özüm də bəzən şübhələnirəm. İstanbulda yeni bir evə köçmüşəm, burada akustika daha yaxşıdır, dənizə yaxındır. Oktyabrın 5-də doğum günüm idi. Evdə qonaqlar da var idi. Məndən oxumağımı israr etdilər. Birdən-birə “Bu gecə” mahnısını oxudum. Çox da gözəl alındı. Dedim ki, “bax qonaqlar da burada, bir tək sən yoxsan Eminim, bilir aləm bu gecə”. Təbii ki, sənətə qayıtmaq istərdim. Bir gün inşallah hər şey çox yaxşı olacaq və Xədicə Abbasova öz vətəninə qayıdacaq. Bilirəm ki, Azərbaycana gəlsəm sevənlərim məni oxumamağa qoymayacaq, məni səhnəyə çıxaracaqlar. Oxuyan qəlb heç vaxt susmaz, məni Emin susdurdu, onun dünyadan gedişi susdurdu! Səhnənin tozunu udan insan səhnədən asanlıqla ayrıla bilmir. Təbii ki, yalnız Eminin mahnılarını oxumaqla səhnəyə qayıda bilərəm. Bəlkə də bu mənim böyük təsəllim ola bilər. Getdikcə artıq yaşlanıram, qocalıram. Amma illər keçməsinə rəğmən sevənlərim məni yaşadır, mənə qol-qanad verir. Sizləri çox sevirəm. Sevənlərim olmasa yaşaya bilmərəm, mənim adımdan sevənlərimə böyük salamlar olsun” deyə Xədicə Abbasova deyib.

AZİNFORM.AZ







up