Sağlamlıq üçün hansı vəziyyətdə yatmaq lazımdır?
22-06-2022, 02:12

İnsan həyatının demək olar ki, üçdə bir hissəsi yuxuda keçir. Yuxu ən yaxşı istirahət növü sayılır. Amma yorğunluğu çıxarmaq üçün düzgün yatış qaydasına əməl olunması çox əhəmiyyətlidir. Yanakı yatanlar kürəyi üstə yatanlara nisbətən daha az xoruldayırlar. Yanakı yatmaq boyun və bel ağrılarının azalmasına kömək edir, lakin bunun da mənfi tərəfləri var.

AZİNFORM.AZ xəbər verir ki, həkim-terapevt Sübhan Hacıyev deyib: “Sol tərəfi üstə yatmaq ürək nayihəsində olan sıxıntıları və ürəyə qayıdan venaların sıxılmasına gətirib çıxarır, nəticədə ürək problemləri yaradır. Ağcıyər xəstəlikləri olanların üzüstə yatması tənəffüs almanı daha da yaxşılaşdırır. Mədə-bağırsaq problemi olanların üzüstə yatması daha çox problem yaradır. Belə problemi olanların kürəyi üstə və belini ən azı yarımoturaq vəziyyətdə saxlayaraq yatmağı məsləhət görürük. Üzüstə yatmaq mədədə olan turşuluğu qida borusuna çatdırır”.

Üzüstə başı yana çevrilmiş vəziyyətdə yatanda onurğa arteriyası sıxılmış vəziyyətdə qalır və beyinin qanla təmin olunması çətinləşir. Bu isə səhər baş ağrıları ilə oyanmağa səbəb olur. Xüsusilə yaşlılarda həmin poza osteoxondrozu inkişaf etdirə bilər. Eyni zamanda üz dərisi dartılır və tez qırışır. Hündür yastıqda yatmaq boyun fəqərələrinə mənfi təsir edir, sinirlər, əzələlər, damarlar sıxılır. Yastıqsız yatanda isə baş arxaya əyilmiş vəziyyətdə qalır və bununla da boyun fəqərələri deformasiyaya uğrayır. Nəticədə beyinin qan dövranı pozulur.

Həkim-terapevt düzgün yatış qaydası haqqında da məlumat verib: “Kürəyi üstə yatmaq daha yaxşıdır, həmin vəziyyətdə yatan sağlam insanın bir qədər o tərəf-bu tərəfə fırlanması problem yaratmaz. Mədə-bağırsaq problemi olan zaman yüksək çəki yoxdursa sol böyrü üstə yatmaq daha yaxşıdır. Ürək-damar problemi olduqda sağ böyrü üstə və ya kürəyi üstə, ağciyər və tənəffüs yolu xəstəlikləri olduqda ağzı üstə yatmaq tövsiyə olunur”.

Hamilə qadınlara isə əsasən sol tərəfi üstə yatmaq tövsiyə edilir.

 AZİNFORM.AZ





up