“Öpüşməyə, intim səhnələrə normal baxmalıyıq” - Aktyor GİLEYLƏNDİ
28-02-2023, 23:50

AZİNFORM.AZ lent.az-a istinadən aktyor Əli Əlizadə ilə müsahibəni təqdim edir.

- "Əqrəb mövsümü"ndə ən yaddaqalan obraza çevrilmisiniz desək, yanılmarıq. Maraqlıdır, sizə serialın ssenarisi veriləndə və siz onu oxuyanda hansı hissləri keçirdiniz?
- İlk olaraq ssenarist Azər Aydəmir və rejissor Emil Quliyevlə ssenari ilə tanış olmaq üçün görüşdük. Otağa girəndə gördüm ki, şəklim divardan asılıb. Dedilər ki, ssenari sənin üçün xüsusi olaraq yazılıb. Azər dedi ki, bu ssenarini yazanda səni düşünüb yazmışam və bu rol sanki sənin əyninə biçilib. "Məmnuniyyətlə çəkilərəm", - dedim. Emilin ekran işlərinə, Azərin intellektinə çoxdan bələdəm. İşin yaxşı alınacağına əmin idim. Düzünə qalsa, ssenarini oxuyanda çox həyəcan keçirdim. İndiyə kimi oxuduğum ssenarilərin içində əlimin tərlədiyini, bədənimdə soyuq tər hiss etdiyim ssenari idi. Rolu canlandırdığıma çox sevindim, həmçinin mənim üçün böyük bir sual yarandı. Sonuncu səhnəyə qədər fikirləşirdim ki, bunu bacaracağam, yoxsa yox?

- İçinizdə bu obrazı canlandırmağı bacarıb-bacarmadığınız barədə bir inamsızlıq var idi?
- Bəli. Hətta yaradıcı heyət arasında, setdə şübhə ilə yanaşırdılar ki, bəlkə rolu düz adama verməmişik? Bu da təbii haldır. Çünki serialın əvvəlində demək olar heç nə oynamırdım və yansıtmırdım. Heç kəsin ağlına gəlməzdi ki, mən qatiləm. Xırda nüans verməyə belə icazə vermirdilər. Yəni qatili "yandırmamalı" idim. Buna görə də bir rejissor kimi Emil bir neçə obrazın üzərində şübhə yaradırdı.

- Əli bəy, səhv etmirəmsə, daha çox "İmtahan" serialından sonra populyarlaşmağa başladınız. Kəşf olunduğunuz, sənətə yeni gəldiyiniz illəri necə xatırlayırsınız?
- Tələbəlik illərində Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının qarşısında dayanırdım. Ağlımda bir sual var idi ki, mən bura qalxa biləcəyəmmi? Həyat yoldaşım, həm də tələbə yoldaşım Aliyə dedi ki, mütləq get. İçimdə qəribə bir qorxu, həyəcan var idi. Qarşıma məqsəd qoydum ki, nə olursa olsun, tamaşaçılar qarşısında özümü itirməyəcəyəm. Ondan sonra içəri addım atdım və hər şey oradan başladı. Sonra 2005-ci ildən bəri Dövlət Pantomim Teatrında fəaliyyət göstərirəm. Üçüncü kursda bir elan gördüm. Elanda heyət üçün yeni aktyorlar axtardıqlarını yazmışdılar. Müraciət etdim, kastinq oldu. Məni kəşf edən aktyor və rejissor Bəxtiyar Xanızadə oldu. Yediyim çörəyin böyük hissəsini ona borcluyam. Mənim üçün ilk kəşf o teatr oldu. Bu sənət qəribəliklərlə doludur. İllər boyu teatrda az maaşa işlədim, efirlərə çıxmadım və s. Bunlar hamısı mənə çox şey öyrətdi. Bəxtiyar Xanızadə deyirdi ki, bu sənət şizofreniyadır (gülür).

- Sizin üçün anası yüngül həyat tərzi keçirən, uşaq təcridxanasında zorlanan, zəif bir oğlan uşağını - Elnur obrazını canlandırmaq necə bir hissdir?
- Elnur obrazını özümə yaxın bilmişəm. Uşaqlıqda Elnur kimi susqun, qapalı bir uşaq olmuşam. O hadisələr başına gəlməyənə qədər Elnurun xarakteri Əlinin xarakterinə çox yaxın idi. İllərlə yığılıb qalan aqressiya bir episentrə yığılır, potensial qatil olur və birdən partlayır. Mənə elə gəlir ki, özümü bu sənətdə sübut edə bilməsəydim, mən də hər hansı bir yerdə partlaya bilərdim. Hətta uşaq bağçada olanda tək qalmışam və təkliyim məni depressiyaya salıb. Həmişə bu susqun uşağın əksinə getmişəm. Mənə elə gəlir ki, incəsənət adamlarının çoxu belədir. Özlərini kəşf etməklə məşğuldurlar. Serial efirə gedənə qədər obrazdan çıxa bilmirdim. İçimdəki Elnurun acığını, aqressivliyini daşıdım. Efirə gedəndən sonra isə içimdəki aqressivlik boşaldı. Çox qəribə hisslər yaşadım və mənim üçün çox ağır yük idi. Seriala baxmaq üçün işdən tez evə tələsirdim. Sonluğuna varmaq istəyirdim ki, görəsən kimdir? Serialı "puzzle" kimi yığmağa çalışırdım. Hətta tərəddüd içərisində idim ki, doğrudan da bu obrazı mən oynamışam?

- Bir qədər final səhnəsindən danışardınız. Obrazı canlandıranda hansı çətinlikləriniz oldu?
- Emil Quliyev elə rejissordur ki, aktyoru vəziyyətə gətirə bilir. Bu, çox çətin bir şeydir, çünki rejissorun qarşısında əsas vəzifə budur. Təxminən, 13-14 dəqiqəyə çəkilən final səhnəsini "stopsuz" lentə ala bildik. Hamısını bir kadra və 5 dubla çəkdik. Səhnənin dramatikliyindən, qatilin həm uşaqcasına, həm də nifrət dolu olmağından zövq alırdım.

- Maraqlıdır, kino sahəsində olan bir aktyorun xanımı qısqanclığını ifadə edir? Ümumiyyətlə, öpüşmə səhnəsinə görə ailənizdə söz-söhbət oldumu?
- Düzü, bu səhnə ölkədə səs-küy salsa da, bununla bağlı mənə heç bir tənqid gəlmədi. Belə şeylərə ciddi bir məsələ kimi baxmamalıyıq. Bu görüntülər insanlar arasında olan təbii bir prosesdir. Öpüşməyə, intim səhnələrə normal baxmalıyıq və mənim üçün sadə şeylərdir. Həyat yoldaşım Aliyə də kino sahəsindədir. Bu barədə çox danışmışıq və ssenarini onunla məsləhətləşəndə o mövzu orada da bağlandı. Biz bir-birimizi belə qəbul etmişik. Həyat yoldaşım mənə görə çox böyük adamdır. Çünki o, dünya kinosunu araşdıran biridir və onun üçün çoxdan ötürülmüş bir etapdır. Nə xoş mənə (gülür). Həqiqətən buna görə özümü xoşbəxt hiss edirəm. Əlbəttə ki, qısqanclığını hiss edirəm. Emosional adamam, buna görə də qısqanclığını da hansısa situasiyalarda hiss edə bilirəm.

- Bir aktyor kimi məvacibiniz sizi qane edir?
- Düzünü desəm, hə. Çox qane edir. Sıxıntılı günlərimiz də olub və çətinliklərdən də keçmişik. Bu sənətə başlayanda düşünürdüm ki, məni burada böyük aclıqlar, çətinliklər gözləyir. Şükürlər olsun ki, bu sənətlə rahat məşğul ola bilirəm. Allah ruzimi yetirir. Ac qalmırıq. 1990-cı illərə baxanda aktyor olmaq o dövrdə çox çətin idi. O dövrdə yaşamışam və ailəliklə çətinlik çəkmişik. İndiki dövrdə aktyor olmağa nə var? (gülür). Bir inandığım cümlə var: Bu gün nəyə layiqiksə, o yerdəyik. Amma haradasa deyiliksə, deməli, ora layiq deyilik və nə xoş ki, layiq olmadığımız yerdə deyilik. Çox qəribə və təzadlı fikirlərdir.





up