Nazirdən BAHALAŞMA XƏBƏRDARLIĞI: Ekspert
3-08-2022, 10:17

İqtisadiyyat naziri Mikayıl Cabbarov bəzi məhsullarda qiymətlərin kəskin bahalaşacağı ilə bağlı proqnoz verib.

"Gələcəkdə yüksək qiymətlərdən sonra böhranlar da baş verəcək və bu qaçılmazdır. Bu və ya digər məhsulun, malın qiymətinin aşağı düşməsi də müşahidə olunacaq. Vacib olan odur ki, biz istər müsbət konyukturada, istərsə də mənfi konyukturada öz sabitliyimizi, dayanıqlılığımızı saxlayaq", - M.Cabbarov qeyd edib.

Nazir kimlərə hansı mesajı vermək istədi? Problemdən çıxış yolu nədir? 

AZİNFORM.AZ-ın bu suallarına iqtisad üzrə fəlsəfə doktoru Elşən Bağırzadə cavab verib.

"Hesab edirəm ki, nazirin kimlərə mesaj verdiyini demək ekspertlərin işi deyil. Ancaq verdiyi mesaj anlaşılandır. Söhbət iqtisadiyyatın dayanıqlılığının təmin edilməsindən gedir. Bunun üçün də bizə yetəri qədər diversifikasiya olunmuş, innovasiya potensialı yüksək, dəyər zəncirləri vasitəsilə qlobal iqtisadiyyata yaxşı inteqrasiya edilmiş, azad bazar prinsiplərinin tam şəkildə çalışdığı, güclü və çevik sahibkarlar təbəqəsi olan iqtisadiyyat formalaşdırmaq lazımdır. Bu isə qısa dövrdə varılacaq hədəf deyildir. Ölkənin hələ xeyli müddət bu istiqamətdə məqsədyönlü və gərgin əmək ortaya qoymasına ehtiyac vardır", - deyə E.Bağırzadə bildirib.

O qeyd edib ki, yuxarıda dediklərinə sahib bir iqtisadiyyat formalaşdıra bilsək, mənfi konyukturanın gətirdiyi zərərlər də əhəmiyyətsiz ola bilər.





up