"Bir-birimizi aldatmağı həyat tərzinə çevirmişik" - Deputat ətin qiymətinin artmasına ETİRAZ ETDİ
21-08-2023, 15:24

Azərbaycanda mal ətinin qiymətinin yenidən bahalaşdığı bildirilir. Hazırda mal ətinin kilosu 14-16 manat arasında təklif olunur. Bir həftə ərzində qiymətdə 1 manat bahalaşma müşahidə olunduğu deyilir.

Bəs ölkədə ətin bahalaşmasına səbəb nədir?

Mövzu ilə bağlı AZXEBER.COM-a danışan Milli Məclisin deputatı Azər Badamov bildirib ki, mal ətinin qiymətinin 14-16 manata qalxması insanların sosial durumunu ağırlaşdırır:

"Bu qiymət hamının alıcılıq qabiliyyətinə uyğun gəlmir. Qiymətin bahalaşmasını nəzərə alaraq müvafiq dövlət orqanları mal ətinin yerlərdə alış qiymətini araşdırmalıdır. Əgər yerlərdə kəndli mal ətini çox ucuz satırsa və onu alıb satanlar bazarda çox yüksək qiymətə satışını həyata keçirirlərsə, o zaman tədbirlər görülməlidir. Ümumiyyətlə kənd təsərrüfatı mallarına alışla-satış arasında icazə verilmiş ticarət əlavəsi tətbiq olunmalıdır. Bir çox kənd təsərrüfatı məhsullarını fermerlər yerlərdə çox ucuz qiymətə satırlar və onun istehsal xərclərini belə çətinliklə qarşılayırlar. Amma alverçilər ucuz aldıqları malları 2-3 qat baha qiymətə bazarlara çıxardır. Bu məsələlər araşdırılmalıdır”.

Deputat qeyd edib ki, eyni zamanda  bazar iqtisadiyyatı olduğuna görə qiymətləri bazar tənzimləməlidir:

"Amma bizim təfəkkürümüz bazar iqtisadiyyatına heç cürə uyğunlaşmır. Elə bil ki, bir-birimizi aldatmaqla daha çox qazanmağı həyat tərzinə çevirmişik. Bazarlar müəyyən insanlar tərəfindən zəbt edildiyindən fermerlərin şəhər bazarlarına çıxışı məhddudur və bu da möhtəkirliyə yol açır. Bazarlarda satıcılar dəyişilmir, illər boyu eyni adamlar oturub alverçilik edirlər. Bu da bazarda azad rəqabətin yaranmasına imkan vermir. Ona görə də bazarlara çıxarılan məhsulların satışına birbaşa fermerlərin çıxışını təmin etməli və azad rəqabətin formalaşması üçün şərait yaradılmalıdır. Fermerin bazarda aylarla oturmaqa vaxtı yoxdur. Bazara çıxardığı məhsulu ucuz qiymətə satışını edib iş başına qayıtmağa maraqlıdır. Bazarda qiymətdə seçim olmasa sövdləşmiş qiymətlər möhkəmlənir və bu da bahalaşmaya yol açır”.

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov hesab edir ki, ölkədə ətin qiymətinin artmasının heç bir iqtisadi səbəbi yoxdur:

"Dövlət Statistika Komitəsinin məlumatına görə, ət istehsalı 3 faiz artıb. Ölkəyə ət idxalı da artıb. Digər tərəfdən kəsim üçün gətirilən iri heyvanlar da artıb. Təklif artıb, tələbin isə artdığını müşahidə etmirəm. Ət satışı ilə məşğul olan qəssablarla əlaqə saxlayıram, onlar ət satışında canlanmanın olmadığını deyirlər. Ola bilər ki, hardasa süni qiymət artımı olsun”.

Ekspert ətin qiymətinin 20 manata qalxacağı ilə bağlı səslənən fikirlərə də münasibət bildirib:

"Düşünürəm ki, ət istehsalı ilə məşğul olan inhisarçılar ajotaj yaratmağa çalışırlar. Kimlərsə, ətin qiymətini artırmağa cəhd edir”.





up