Region valyutaları dəyər itirməkdədir. Son 1 ayda dollara nisbətən Türkiyə lirəsi 18,7%, Rusiya rublu 5,9%, Gürcüstan larisi 3,1%, Qazaxıstan təngəsi isə 1,2% ucuzlaşıb. ABŞ pulunun qlobal bazarda güclənməsi region valyutalarına da təsirsiz ötüşmür.
AZİNFORM.AZ xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. O bildirib ki, region valyutalarının ucuzlaşması fonunda istehlak bazarlarında da qiymət artımları müşahidə olunur: "Rusiya rəsmi statistikasında şimal qonşumuzda inflyasiya səngiməsi görünsə də, rublun ucuzlaşması idxal olunan malların qiymətinə təsirsiz ötüşmür. Türkiyədə isə inflyasiya ilə mübarizə əsas hədəf olaraq qalmaqdadır".
Millət vəkilinin sözlərinə görə, tədiyə balansında profsit və əsas tərəfdaş ölkələrdə kursun dəyişməsi manatın nominal effektiv məzənnəsini bu ilin ilin 5 ayında 5,1% möhkəmləndirib: "Tədiyə balansındakı profisitin əsas səbəbi enerji məhsullarının ixracatıdır. Qeyri-neft ixracatı üzrə əsas tərəfdaşlarımızda milli valyutaların ucuzlaşması isə Azərbaycanın enerjidən kənar məhsullarının həmin ölkələrdə bahalaşmasına səbəb olur".
"Qonşu ölkələrin valyuta bazarlarında baş verənlərin manatın məzənnəsinə təsirlərinə gəldikdə isə, hazırda valyutaya olan tələbin əhəmiyyətli hissəsi Dövlət Neft Fondu tərəfindən ödənilir. Lakin Azərbaycanda hələ ki məzənnə rejiminə keçirilməyib. Mərkəzi Bank prosesə birbaşa intervensiya etmək imkanlarını qoruyub saxlayır. Ona görə də, manatın məzənnəsinin necə dəyişməsi birbaşa Azərbaycan Mərkəzi Bankının mövqeyindən asılı olaraq qalmaqdadır", - deyə V. Bayramov əlavə edib. /ölkə.az/