Türkiyədəki zəlzələ Bakıda bazarı "vurdu"?
9-02-2023, 16:10

Türkiyədə baş verən zəlzələ nəticəsində 6 min 444 yaşayış binası dağılıb.

Məlumata görə, dağılan binalar əsasən hündürmərtəbəli yaşayış obyektləridir.

Bu cür yaşayış binalarının çökməsi daha çox insan tələfatına səbəb olur. Ona görə də insanlarda həyət evlərinin daha təhlükəsiz olması fikri formalaşıb. Hətta paytaxtın daha çox həyət evləri tikilən ərazilərində, qəsəbə və kəndlərində torpaq qiymətlərinin bahalaşdığı deyilir.

Cebhe.info alqı-satqı ilə məşğul olan agentlik nümayəndələri ilə əlaqə saxlayaraq, qiymət və tələbatla bağlı fikirlərini öyrənib.
Bakının əsasən Hökməli, Qobu ərazilərində alqı-satqı işi ilə məşğul olan Bəhruz Qasımov deyib ki, zəlzələnin baş verməsi qiymətlərə bir müddət sonra təsir edəcək:

“Hələlik ciddi fərq yoxdur, nə torpaq, nə də evlərə tələbat artmayıb. Güman ki, 10-15 gündən sonra proseslərə təsir göstərsin, yəni zəlzələ unudulana qədər ola bilər”.

Torpaq və mənzil alqı-satqısında vasitəçi olan Yalçın İbrahimov isə qiymətlərin onsuz da bahalaşdığını bildirib:

“Qiymətlər artıb, amma bunu konkret zəlzələ ilə əlaqələndirə bilmirəm. Hər il fevraldan sonra qiymətlərdə fərq olur. Məsələn, ötən il bir sot torpaq sahəsi 3 minə satılırdısa, indi həmin torpaq sahəsi 3 min 500 manata təklif olunur. Amma əvvəlki aylara nisbətən indi tələbat artıb və canlanma müşahidə olunur”.

Qeyd edək ki, Türkiyədə zəlzələ nəticəsində həyatını itirənlərin sayı 12 min 873-ə yüksəlib, yaralıların sayı 62 min 937 nəfərdir. Zəlzələ Kahramanmaraş, Kilis, Diyarbakır, Adana, Osmaniye, Qaziantep, Şanlıurfa, Adıyaman, Malatya və Hatayda böyük dağıntılara səbəb olub.






up