Dünyanın bir sıra ölkələri dolların möhkəmlənməsi ilə bağlı ciddi yük yaşayır.
Bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) baş iqtisadçısı Pyer-Olivier Qurinşa fondun qlobal iqtisadiyyatın perspektivlərinə dair oktyabr hesabatı üzrə brifinqdə bildirib. O qeyd edib ki, güclü dollar, şübhəsiz ki, bir sıra ölkələr üçün əhəmiyyətli gərginlik yaradır:
“Bu, iki şəkildə baş verir. Birincisi, dollarla hesablanan idxal mallarının qiymətini qaldırır ki, bu da digər ölkələrdə inflyasiya təzyiqlərini artırır. Həmçinin maliyyə şərtlərini ağırlaşdırır, belə ki, bir çox korporasiyaların və ya hökumətlərin dollarda borcu var və dollar bahalaşdıqca onun geri ödənilməsi də bahalaşır”.
Dolların möhkəmlənməsi ilə bağlı gərginlik Azərbaycan üçün də keçərlidirmi?
İqtisadçı-ekspert Fuad İbrahimov “Cümhuriyət”ə bildirdi ki, əslində BVF-nun təhlili çox düzgündür:
“Dollara bağlı olan bütün proseslərdə təzyiqlər artmış olur. Dollar zonasında ticarət bahalaşıb, dəyəri yüksəlir. Eyni zamanda, bu, əslində inflyasiyanın ölkələrə idxalıdır. Nəzərə almaq lazımdır ki, digər alternativ valyutanın, məsələn, avronun dollara nisbətən ucuzlaşması avrozonanın cazibədarlığını da artırır. Azərbaycan da belə proseslərdən kənarda qalmır. Baxmayaraq ki, Azərbaycan manatının dollara qarşı nisbətdə məzənnəsi stabil olaraq qalır. Biz neçə illərdir ki, bu idarə üsulundan istifadə edirik. Birbaşa, faktiki olaraq, Azərbaycanda idxal olunan məhsullarda istehlakçı bunu öz üzərində hiss etmir. Çünki səbəb qiymətlərin eyni səviyyədə qalmasıdır. Ancaq 2-ci, 3-cü ölkələr vasitəsilə əldə etdiyimiz, yəni hansısa idxal məhsulunun müəyyən hissəsinin dollar zonasından idxal olunması dolayı yolla həmin məhsulların bahalaşmasına şərait yaradır. Belə bir vəziyyətdir və birbaşa olaraq bizim istehlakçı dolların bahalaşamasını nominal, məzənnə olaraq hiss etmir. Ancaq dünya bazarları buna reaksiya verir. Azərbayacn dolayı yolla təsirə məruz qalır. Lakin birbaşa bizim məzənnə stabil olduğu üçün dolların bahalaşmasının təsiri yoxdur”.