Böyük məşqçi: "Mübariz İbrahimovun şəhid olduğu gün 3 ermənini udduq"
21-06-2022, 23:51

"4 qızıl medal aldığımız ilk gün Mübariz İbrahimovun şəhid olduğu gün idi. Həmin gün 3 erməni güləşçiyə qalib gəlmişdik".

AZİNFORM.AZ-ın məlumatına görə, bunu Azərbaycanın sərbəst güləş üzrə yeniyetmələrdən ibarət milli komandasının böyük məşqçisi Əsgərxan Novruzov Rumıniyanın Buxarest şəhərindəki U-17 Avropa çempionatındakı göstərdikləri rekord nəticəni şərh edərkən deyib.

Novruzov Heydər Əliyev Beynəlxalq Aeroportunda qarşılanma mərasimi zamanı bildirib ki, komanda hesabında birinci yeri tutduqları yarışda 6 qızıl, 1 gümüş və 2 bürünc medalın hər birini şəhidlərə həsr edirlər: "Onların ruhu şad olsun. “Tarixi qələbə münasibətilə bütün xalqımızı təbrik edirik. Azərbaycan idmanı zirvələrdədir. Daim orada qalmasına çalışırıq".

Təcrübəli mütəxəssis hər kəsin payının olduğu uğurların əsas səbəbkarının Prezident İlham Əliyev olduğunu da vurğulayıb: "Dövlət başçısı U-23 və böyüklərdən ibarət yığma komandanı qəbul etdi. Bu da yeniyetmələr üçün böyük stimul oldu. Var gücləri ilə bu yarışa hazırlaşdılar və yarışdılar. Qarşımıza hədəf qoymuşduq ki, biz də Avropa çempionu olaq. Sevinirik ki, buna da nail olduq. Federasiya rəhbərliyinə və millinin məşqçilər korpusuna komandamız adından təşəkkür edirik. 2013 və 2014-cü ildə keçirilən Avropa çempionatlarında 4 qızıl medal qazanmışdıq. Bu dəfə hədəfimiz 5 qızıl almaq idi. Allah 6 qızıl medalı bizə qismət etdi. Ölkə çempionatından sonra Xaçmazda 3 təlim-məşq toplanışı keçdik. Yüksək səviyyədə hazırlaşdıq. Uşaqlar var gücü ilə güləşdi. Məşqçi kimi razı qaldıq".

Avropa çempionu Elman Ağayev isə növbəti hədəfini açıqlayıb: “Yarış yaxşı keçdi. Əvvəlcə Gürcüstan, daha sonra Türkiyə, finalda isə Ermənistan idmançısına qalib gəldim. Özümə inanırdım. Çünki yarışa hazırlığımız çox yaxşı keçmişdi. Növbəti hədəfim dünya çempionluğudur”.

Ən ağır çəkidə Avropa çempionu olmaqla, Azərbaycan güləşində ilkə imza atan Yusif Dursunov uğurun səbəbini üç keyfiyyətli təlim-məşq toplanışında gördüyünü bildirib: "Bunun nəticəsi olaraq komandamız Avropa çempionu oldu. Güclü rəqiblərimiz vardı. Ancaq biz onlardan da güclüydük. Sevinirik ki, çempion olduq. Gənclər və İdman Nazirliyinə, federasiyamıza, yığmanın məşqçilərinə və şəxsi məşqçilərimə təşəkkür edirəm. Allah hamısından razı olsun”.

Qeyd edək ki, Avropa çempionatında Sadiq Hüseynov (45 kq), Vasif Bağırov (48 kq), Elman Ağayev (51 kq), Camal Abbasov (55 kq), İlyas İsayev (65 kq) və Yusif Dursunov (110 kq) qızıl, Ağa Qasımov (60 kq) gümüş, Ağanəzər Novruzovla (71 kq) Şəmistan Axundov (80 kq) isə bürünc medal qazanıb.

AZİNFORM.AZ





up