Azərbaycanın kişilərdən ibarət taekvondo millisinin baş məşqçisi Reza Mehmandust komandadan uzaqlaşdırılıb.
AZİNFORM.AZ oxu.az-a istinadən xəbər verir ki, iranlı məşqçinin etdiyi məşqlər, idmançıları həddindən artıq yükləməyə məruz qoyması taekvondoçuların ürəyincə deyil.
Hazırda hamı Azərbaycan Taekvondo Federasiyasının prezidenti Kəmaləddin Heydərovun yekun qərar verməsini gözləyir. Onun göndərilməsi ilə İran əsilli Milad Beiqinin də millidəki karyerası sual altına düşəcək.
Federasiyanın vitse-prezidenti Niyaməddin Paşayev məlumatı təsdiqləməsə də, bunu təkzib də etməyib:
“Federasiya prezidenti bu yaxınlarda məşqçi heyəti ilə toplantı keçirəcək. Bundan sonra hər şeyə aydınlıq gələcək. Biz də federasiya prezidentinin keçirəcəyi iclası gözləyirik”.
Qeyd edək ki, Böyük Britaniyanın Mançester şəhərində keçirilmiş Avropa çempionatında Azərbaycan idmançıları cəmi bir bürünc medal qazana bilib. Tokio Olimpiadasında da uğursuzluğun olduğunu nəzərə alsaq, federasiya rəhbərliyinin də səbir kasası dolub. Kişi taekvondo millimiz Romadakı Qran-pri yarışına qadın yığmamızın baş məşqçisi Səbuhi Zülfüqarovun rəhbərliyi altında yollanıb.