De Byazi Azərbaycan millisindən qovuldu
22-11-2023, 16:14

Canni De Byazi Azərbaycan yığmasını tərk edib.

AZİNFORM.AZ xəbər verir ki, bunu AFFA-nın baş katibi Sərxan Hacıyev açıqlayıb.

O bildirib ki, Canni De Byazi özü Azərbaycan yığmasını tərk etmək istədiyini açıqlayıb: “Dedi ki, mən artıq Azərbaycan yığmasında çalışmaq istəmirəm. Onunla müqavilə uzadılmayacaq. İcraiyyə Komitəsi də müzakirələr apardı. Belə qənaətə gəldik ki, nəticələrə görə De Byazi yığmada qalmasın. İclasda Canni De Byazinin jurnalistlər haqqında dediyi sözlər İcraiyyə Komitəsinin iclasında müzakirə olundu. Onun bu açıqlaması birmənalı şəkildə pislənildi”.

Xatırladaq ki, Canni De Byazi 2020-ci ildən Azərbaycan yığmasının baş məşqçisi idi. 

Bu günlərdə Azərbaycan yığmasının baş məşqçisi De Byazi Belçikaya 0:5 hesablı məğlubiyyətdən sonra qalmaqallı açıqlama ilə yadda qalmışdı. O, məğlubiyyətin səbəblərini soruşmaqla haqlı irad bildirən azərbaycanlı jurnalistləri “axmaq” adlandırmaqla tənqid hədəfinə tuş gəlmişdi. De Byazi “Qafqazinfo”ya müsahibə verərək həm yığmamızın son 4 ildəki çıxışı barədə fikirlərini bildirmiş, həm də jurnalistlərlə bağlı qalmaqallı açıqlamasına aydınlıq gətirməyə çalışmışdı.  /qafqazinfo.az/





up