Sensasiyalı məlumatları ilə Avropa futbolunu şoka salan portuqaliyalı haker və "Football Leaks"in qurucusu Rui Pinto şərti 4 il həbs cəzasına məhkum edilib.
AZİNFORM.AZ xəbər verir ki, Lissabon məhkəməsi 34 yaşlı Pintonu beş dəfə kompüter sistemlərini, üç dəfə elektron poçt yazışmalarını ələ keçirməkdə və bir dəfə qəsb cəhdində təqsirli bilib.
Məhkəmə hakeri “Doyen” idman investisiya fonduna, Portuqaliya Baş Prokurorluğuna və Lissabon hüquq firmasına məxsus kompüterləri sındırmaqda təqsirli bilib. Lakin Pintonun Portuqaliya Futbol Federasiyasının saytına hücum etməsi sübuta yetirilməyib.
2015-ci ildə yaradılan “Football Leaks” saytında dünya futbol ulduzlarının transferlərinin məbləğləri və maaşları, həmçinin “Mançester Siti” və PSJ-nin maliyyə feyr-pley qaydalarını pozduğuna dair sübutlar dərc olunub.
Pinto 2019-cu ildə Budapeştdə həbs edilib və Portuqaliyaya ekstradisiya edilib və orada 18 ay həbsdə qalıb. Bundan sonra haker Portuqaliya polisi ilə əməkdaşlığa başlayıb və şahidlərin müdafiəsi proqramının iştirakçısına çevrilib.
Məhkəmədə Pinto bildirib ki, o, heç bir şəxsi mənfəət güdmədən ictimai maraqlara uyğun hərəkət etdiyi üçün özünü cinayətkar deyil, məlumat verən hesab edir.
Pintoya qarşı hələ dinlənilməmiş ikinci işdə Portuqaliya prokurorları onu hakerliklə bağlı 377 cinayətdə ittiham edirlər. Ehtimal olunur ki, bu iş üzrə hökmün çıxarılması da illərlə yubana bilər. /publika.az/