Yarım milyon borcu olan məşhur mühafizə şirkəti tenderin QALİBİ OLUB – TƏFƏRRÜAT
18-09-2022, 13:46

Siyəzən şəhəri İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziya tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi “Vətən-N Mühafizə Xidməti” MMC-nin 10 saylı filialı olub. 

AZİNFORM.AZ xəbər verir ki, gimnaziya 4 ay müddətində mühafizə xidmətinin təşkil edilməsinə görə “Vətən-N Mühafizə Xidməti” MMC-yə 19 min 800 manat ödəniləcək.


Məlumat üçün bildirək ki, “Vətən-N Mühafizə Xidməti” MMC 27.01.2020-ci il tarixində dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı “Xəzər rayonu, Şüvələn ŞTQ, ev 921K”-da yerləşən MMC-nin nizamnamə kapitalı 300 manat təşkil edir. Şirkətin qanuni təmsilçisi Cahagirov Namiq Babacan oğludur.


Qeyd edək ki, 2 il əvvəl təsis olunan “Vətən-N Mühafizə Xidməti” MMC əsasən təhsil müəssisələri olmaqla Azərbaycanda yüzlərlə dövlət müəssisəsinin mühafizəsini təşkil edir. Mühafizə xidmətilə bağlı keçirilən dövlət satınalmalarının bir çoxunda məhz “Vətən-N Mühafizə Xidməti” MMC qalib olur.


Onu da bildirək ki, “Vətən-N Mühafizə Xidməti” MMC-ni təsis olunan zaman şirkətin qanuni təmsilçisi Qasımov Etibar Ağahüseyn oğlu olub.


Qasımov Etibar Ağahüseyn oğlu eyni zamanda Azərbaycanın tanınmış özəl mühafizə şirkətlərindən biri olan “Riyad Mühafizə Xidməti” MMC-nin və “Alov Mühafizə” MMC-nin də qanuni təmsilçisi olub. Etibar Qasımov hal-hazırda da “Riyad Mühafizə Xidməti” MMC-nin qanuni təmsilçisidir.


“Vətən-N Mühafizə Xidməti” MMC-nin müxtəlif filialları təkcə sentyabr ayı ərzində (12 gün) ümumi dəyəri 455 min 500 manat olan 20 tender müsabiqəsinin qalibi olub.


Maraqlıdır ki, 12 gün ərzində 20 tender müsabiqəsində qalib olan şirkətin dövlət büdcəsinə 566 min 304 manat 29 qəpik vergi borcu var.


Məlumdur ki, vergi borcu olan şirkətlərin tenderdə iştirakı “Dövlət Satınalmaları haqqında” Qanunun 6.2.5-ci maddəsinin tələblərinə görə də mümkün deyil.


Onu da qeyd edək ki, bir-neçə gün əvvəl Etibar Qasımovun həmtəsisçisi olduğu daha bir şirkət - “Alov-Mühafizə” MMC-nin 10 saylı filialı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin keçirdiyi 217 min 175 manat 18 qəpik dəyərində tender müsabiqəsinin (Açıq tender) qalibi olub. Bu şirkətin də dövlət büdcəsinə 1 milyon 996 min 306 manat 15 qəpik vergi borcu var.


Adı keçən şirkətdən isə Yeniavaz.com-a bildiriblər ki, tenderlərdə qalib gələn MMC-lərin filiallarıdır və onların da vergi borcu yoxdur. /yeniavaz.com/





up