Ailəsini öldürən Əhməd azadlığa çıxacaq?
18-05-2024, 15:34

5 nəfər ailə üzvünü öldürən Əhməd Əhmədov barədə qalmaqallı açıqlama ortaya çıxıb. Belə ki, onun azadlığa çıxma ehtimalının olduğu bildirilib.

Bu barədə Yenisabah.az-a sabiq polkovnik, hüquqşünas Şəmsəddin Əliyev açıqlama verib. Bildirib ki, Əhməd müalicəsini tamamladıqdan sonra cəmiyyətə inteqrasiya ediləcək:

“Əhmədin sifətinə baxanda demək olar ki, o ruhi xəstə deyil. Ehtimal edirəm ki, Əhməd varislik hüququnu əldə etmək üçün bu qətli törədib. Çünki atası ona ev və maşın alıb verdiyi üçün qalan əmlakın bacısına veriləcəyini bildiribmiş. Buradan belə görünür ki, sözügedən cinayət miras üstündə olub. Amma çox təəssüf ki, bu adamın qətlləri törədərkən öz hərəkətini ölçüb-biçmək iqtidarında olmadığına dair iki dəfə rəy verildi. Deməli, o, məcburi şəkildə müalicə olunacaq və tam sağaldıqdan sonra azadlığa buraxılacaq. Kim zəmanət verə bilər ki, bu insanın sonradan psixi pozuntuları olmayacaq, kiməsə bu formada amansızlıqla davranmayacaq? Heç kim bunu deyə bilməz. Çünki bu şəxs cəzaçəkmə müəssisəsində yox, xəstəxana şəraitində müalicəsini davam etdirəcək. Tam sağalandan sonra həkim komissiyası tərəfindən rəy veriləcək və cəmiyyətə inteqrasiya olunacaq”.

Hüquqşünas mütəxəssislərin məsələ ilə bağlı verdiyi rəylərə diqqət çəkib:

“Təbii ki, mən Əhməd üçün ekspertlərin verdiyi rəylərə şübhə ilə yanaşmıram. Amma həmin mütəxəssislərin yol qəzasında günahı olan sürücüyə “təhlükənin qarşısını ala bilməyib” kimi rəylər verdiyi də az olmayıb. Beləliklə, sükan arxasındakı sürücü məsuliyyətdən yayınır. Bütün belə hallara yol verməmək üçün mütəxəssislərin dəqiq rəyinə ehtiyac var. Belə olarsa, nə media, nə də cəmiyyət üçün şübhəli məqam qalar”.






up