Şagirdlərə dərman verildiyi deyilən məktəbin direktor əvəzi İŞDƏN ÇIXARILIB
7-08-2022, 13:51

Xaçmaz rayonu, Çaykənarı (Alekseyevka) kəndində müəllim işləyən Rəvanə Asiman işlədiyi məktəbdə qanunsuzluq olduğuna, şagirdlərə dərman paylanılmasına və s. səbəblərə görə istefa verdiyini açıqlayıb.

R. Asiman 2 ildir çalışdığı ucqar kənd məktəbi ilə bağlı olduqca ciddi ittihamlar səsləndirib:

“İş müsahibəmdə xanım mənə belə bir sual vermişdi: "Məktəb rəhbərliyindən biri sizi təhqir etsə, reaksiyanız necə olar?" Cavabımı vermişdim, müsahibədən də keçmişdim, ancaq beynimdə bir sual insan kimi oturmuşdu, mənlə danışırdı. Məgər məktəb rəhbərliyində elə səviyyədə insan ola bilərmi?

Gənc müəllimlər ümidlərlə məktəbə təcrübə qazanmağa gedir. Məndə 2 il 20 ilə bərabər oldu. Çox təəssüf ki, mənfilər çox oldu, mən onlardan dərs aldım. 2 il ərzində müəllimlik edə bildimmi, bunu şagirdlərim bilər, mən onu bilirəm ki, təkcə əlimdən gələni deyil, ürəyimdən gələni də etdim və vicdanım rahatdır. Müəllimlikdən ziyadə cahilliklə savaşdım. Ən məyusedici tərəf isə diplomlu cahillərlə. Bir neçə nümunəni yazacağam:

Direktor mənə sual verir: Siz uşaqlara niyə kitab oxudursunuz ki?

Tərbiyə işləri üzrə müavin vulqar və təhqiredici üslubda danışır.

Kitabxana kartları pulla satılır və kitabxana açılmır. Gündə sadəcə 15 dəqiqə açıq olurdu.

Odun sobasını yandıran xala belə vəzifəsini icra etmir. Müəllim dərsə içkili halda girir. Şagirdlərə dərman paylanılır və bu heç kəsi narahat etmir.

Əlbbət, vəzifəm deyildi, lakin hamısının işinə qarışdım. Reaksiya verdim, lazım gəldi dalaşdım. 10 dəfəyə yaxın Təhsil Nazirliyi və Təhsil Şöbəsinə yazılı və şifahi şikayətimi bildirdim. Demək olar ki, hamısı nəticəsiz qalırdı. Təhsil Nazirliyinə göndərdiyim ərizə çap şəklində çıxarılıb məktəbə gətirildi və son nəticədə mən xəbərçi oldum, yoxlama belə nəticəyə gəldi ki, məktəb ailədir, ailənin sirri kənara çıxmaz.

Bir şikayətimdə Tərbiyə üzrə müavinin vəzifəsini icra etmədiyini qeyd etmişdim, yoxlama isə həmin müəllimdən mənim necə işlədiyimi soruşdu. O isə 9-cu siniflərə dərs keçmədiyimi dedi. Halbuki o mənim dərsimdə bir dəfə belə iştirak etməmişdi. Mən iradımı bildirdikdə isə, vəzifəsini icra edib mənə "tərbiyə" verəcəyini dedi. 2 illik savaşımda bir dəfə də olsa, əzildiyimi hiss etməyən mən sinif otaqlarının birinə girib hönkür-hönkür ağladığımı xatırlayıram, hələ də o stresi yaşayıram.

Bəli, müsahibədəki həmin xanımın subliminal mesajı idi. Təhqir olunmuşdum... Yenə susmadım, hər dəfə mən səhv olurdum. Və mənə deyirdilər, səndən əvvəl nə qədər müəllim işləyib heç kəs belə problemlər yaşamayıb. Mən də problemsiz işləyə bilərdim, palaza bürünə bilərdim, o zaman Danabaş kəndləri çoxalardı... Təhqir də olundum, şər də atıldı, mobbinq də. Mənim amalım varkən belə şeylər mənə təsir etməz”, - müəllim R. Asiman qeyd edib.

İttihamlarla bağlı Quba-Xaçmaz Regional Təhsil İdarəsindən Qafqazinfo-ya bildirilib ki, məsələ ilə bağlı araşdırma aparılır: “Qeyd edilən hallar təsdiqini tapdığı təqdirdə mövcud qanunvericilik çərçivəsində tədbirlər görüləcək və nəticəsi barədə məlumat veriləcək”.

Xaçmazın Çaykənarı kənd orta məktəbinin keçmiş müəllimi Rəvanə Məmmədovanın məktəbin fəaliyyəti haqda səsləndirdiyi bir sıra iddialara aydınlıq gətirilib.

Quba-Xaçmaz Regional Təhsil İdarəsindən məktəbin müəllimi olmuş Rəvanə Məmmədovanın müraciətlərinə əsasən 2021-ci ilin noyabr ayında Xaçmaz Rayon Təhsil Şöbəsi tərəfindən Çaykənarı kənd tam orta məktəbində monitorinq aparıldığı bildirilib.

"Monitorinq zamanı məktəbin direktor əvəzi Nuriyyə Nurməmmədova və təşkilati işlər üzrə direktor müavini Rəşad İsayevin işlərində müəyyən nöqsanlar (aşkarlanan nöqsanlara görə həmin şəxslər haqqında intizam tənbeh tədbirləri görülüb) aşkarlansa da iddia edilən fikirlər təsdiqini tapmayıb. Belə ki, kitabxanada oxucu kartlarının pulla satılması, kitabxananın gündə 15 dəqiqə açılması, ocaqçının sobaları yandırmaması, müəllimlərin içkili dərsə gəlməsi, şagirdlərə dərman preparatlarının paylanılması fakları təsdiqlənməyib. 2022-ci ilin iyununda Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Rüfət Hacıyev və Xaçmaz rayonu üzrə təhsil sektorunun müdiri İnqilab Musayev adıçəkilən məktəbdə olublar. Həmin zaman aşkarlanan nöqsanlara görə və daha öncəki nöqsanlar da aradan qaldırılmadığı üçün məktəbin təsərrüfat işləri üzrə direktor müavini və direktor əvəzi işdən azad ediliblər. Nuriyyə Nurməmmədova məktəbdə müəllim kimi saxlanılıb" - deyə qeyd edilib.

Həmçinin bildirilib ki, 2022-ci ilin iyun ayında Xaçmaz rayonu üzrə təhsil sektorunun əməkdaşları tərəfindən aparılan monitorinq nəticəsində bir neçə müəllimin, eyni zamanda Rəvanə Məmmədovanın heç bir səbəb göstərmədən bir neçə gün işdə olmadıqları aşkarlanıb və onların həmin günlərə olan əməkhaqları dayandırılıb./yeniavaz.com/





up