Bu avtomobillərin sahiblərinə pul veriləcək - Ekspert AÇIQLADI
26-05-2022, 14:00

Həm dünyada, həm də ölkəmizdə istismar müddətini başa vurmuş, ekoloji cəhətdən təhlükəli hesab edilən nəqliyyat vasitələrinin utilizasiya məsələsi aktual olaraq qalmaqdadır. Ölkəmizdə “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”ndan irəli gələrək bu sahədə əhəmiyyətli addımlar atılır. Aparılan islahatların uğurlu nəticələrindən biri də Vergi Məcəlləsində edilən son dəyişiklikdir. Xatırladaq ki, Vergi Məcəlləsinə edilən dəyişiklikdən sonra 2022-ci il yanvarın 1-dən istehsal tarixi 3 il, mühərrikinin həcmi 2500 kubsantimetrə qədər olan hibrid avtomobillərin idxalı və satışı 3 il müddətinə vergidən azad olunub.

Ötən gün isə Ekologiya və təbii sərvətlər nazirinin müşaviri Rasim Səttarzadə mətbuata açıqlamasında bildirib ki, Azərbaycanda köhnə və istismar müddətini başa vuran avtomobillər utilizasiyaya göndəriləcək. Nazirlik rəsmisi onu da əlavə edib ki, bunun əvəzində isə vətəndaşların yeni avtomobillər almaları üçün təşviqat işləri aparılacaq: “Hazırda Azərbaycandakı avtomobillərin 80 faizinin istehsal tarixi 10 ildən çoxdur. Bu isə təhlükənin nə qədər ciddi olduğundan xəbər verir. Ölkə başçısının tapşırığına uyğun olaraq hazırlanan dövlət proqramının əsas məqsədi ekoloji təmiz nəqliyyat vasitələrindən istifadəni təşviq etməkdir. İstismar müddətini başa vuran, ekoloji cəhətdən təhlükəli hesab edilən nəqliyyat vasitəsini utilizasiyaya göndərən avtomobil sahiblərinə pul vəsaiti veriləcək və ya digər güzəştlər tətbiq ediləcək”.

Nazir müşaviri onu da qeyd edib ki, avtomobil sahibləri maşınını utilizasiyaya göndərməkdə tam sərbəst olacaq. Yəni bu, onların könüllü seçimidir.

Mövzu ilə bağlı “Yeni Azərbaycan”a danışan nəqliyyat eksperti Elməddin Muradlı deyir ki, cənab Prezidentin göstərişi ilə “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”ndan irəli gələrək bu məsələnin üzərində xeyli vaxt idi iş gedirdi və qısa müddətdə icra olunması nəzərdə tutulurdu. Lakin pandemiya və müharibə bu məsələnin xeyli uzanmasına gətirib çıxardı: “Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu sahədə böyük işlər görür, təbliğat işləri aparır. DYP sürücülər arasında maarifləndirmə işlərini həyata keçirir. Çünki istənilən halda hər kəs nəzərə almalıdır ki, burada əsas məqsəd yol hərəkətinin təhlükəsizliyini təmin etmək, yol-nəqliyyat hadisələri zamanı ölüm və xəsarət risklərini aşağı salmaq, ən vacibi isə ətraf mühitin qorunmasını təmin etməkdir. Köhnə avtomobillər böyük bir təhlükə mənbəyidir. Çünki həmin avtomobillərin böyük əksəriyyətində təhlükəsizlik elementləri sıfır səviyyəsindədir. Belə olan halda həmin nəqliyyat vasitələrinin idarə edilməsi məqbul deyil”.

Beynəlxalq təcrübədən danışan E.Muradlı bildirib ki, artıq bir çox dövlətlər müəyyən addımlar atıblar, həmin kateqoriyadan olan avtomobillərin çıxdaş edilməsi məsələsi öz həllini tapıb. Müxtəlif ölkələr fərqli yanaşmalar nümayiş etdirir: “Elə ölkələr var ki, özü avtomobil istehsal edir və buna görə də vətəndaşlardan köhnə avtomobilləri alır, sərfəli şərtlərlə onlara yenisini təqdim edir. Deyək ki, aşağı faizli kreditlə və yaxud nağd alışda başqalarına nisbətən daha ucuz qiymət təklif olunur. Belə olan halda əlbəttə ki, vətəndaş da avtomobilini yeniləməyə maraq göstərir. Bilir ki, bu, onun sağlamlığı, təhlükəsizliyi üçün önəmli olan bir addımdır. Hər kəs üzərinə düşəni etməlidir. İnsanlar düşünməməlidirlər ki, dövlət onların avtomobillərini əllərindən alır. Yox, sadəcə dövlət təhlükəsizlik baxımından insanların sağlamlığını düşünür. Və bu addımın atılması da hər bir vətəndaşın sağlamlığının təmin edilməsinə yönəlmiş bir addımdır”.

Ekspert eyni zamanda, yaranmış vəziyyətdən öz maraqlarına uyğun hərəkət edənlərdən də söz açıb: “İnsanları vəziyyətdən maraq güdməməyə, bunu alver predmetinə çevirməməyə çağırıram. Məndə olan məlumata görə, artıq bəzi adamlar bir neçə köhnə avtomobili alıb saxlayır ki, dövlət yüksək məbləğdə pul verəcək. Bu artıq alverçilikdir, dilənçilikdir. Konkret olaraq fürsətçilik deyərdim. Bu, dövlətin yürütdüyü siyasətlə uyğun gələn bir şey deyil. Niyə alverə çevirirsən? Hansı ki, həmin adamın bəlkə də 2 və ya daha çox ən bahalı avtomobili var. Gedir, 4-5 də köhnə avtomobil alır ki, dövlət tərəfindən nə qədər pul verilsə, alsın, qoysun cibinə. Bu cür yaramaz insanların əhatəsində proqramın icrası, doğrudur, bir az vaxt aparacaq, müəyyən çətinliklər yaradacaq. Amma biz bu addımı atmalıyıq. Proses həyata keçirilməlidir. Bir çox ölkələrin təcrübəsi var və biz də bu təcrübədən yararlanmalıyıq”.

“Bizdə müştərək avtomobil istehsalıdır, yüksək səviyyədə deyil. Düzdür, hər bir köhnə avtomobilin qarşılığında yenisini təklif edə bilmirik. Amma avtomobilin dəyəri qədər pul vəsaiti vermək və yaxud da həmin vətəndaşlara xaricdən təzə və ya ikinci əl avtomobil gətirdikdə həmin şəxslərin gömrük ƏDV-si və ya aksiz vergisinin çox aşağı qiymətlə hesablanması kimi müəyyən addımlar atmaq olar. Təbii ki, bəzi vətəndaşlarımız bundan faydalanacaqlar. Amma ola bilər ki, həyat şəraiti yalnız hansısa avtomobildən asılı olan insanlar var. Düşünürəm ki, onları da fərdi qaydada dövlət tərəfindən nəzərə almaq mümkündür və nəzərə alacaqlar”, - deyə E.Muradlı fikirlərinə əlavə edib.

AZİNFORM.AZ





up