Bəxtiyar Hacıyevin yazışmalarının görüntülərini kim yayıb?
6-01-2023, 15:39

Daha əvvəl xəbər verdiyimiz kimi, ictimai-siyasi fəal Bəxtiyar Hacıyev ötən il dekabrın 9-da saxlanılıb və Xətai rayon Məhkəməsində hakim Fuad Axundovun sədrliyi ilə keçirilən prosesdə onun barəsində 1 ay 20 gün həbs qətimkan tədbiri seçilib. Dekabrın 26-da isə B.Hacıyevin “Facebook” sosial şəbəkəsində yazışmalarının görüntüləri internetə sızdırılıb. İctimai fəalın təcridxanada olduğu bir vaxtda onun sosial şəbəkə hesabındakı yazışmalarının yayılması insanlarda bir sıra suallar yaradıb. Yazışmaların hansı üsullarla ələ keçirilməsi və yayılması isə hələ də müəmma olaraq qalır.


B.Hacıyevin özü görüntülərlə bağlı məktub vasitəsilə açıqlama yayıb.


“Mənə verilən məlumat əsasında əminliklə deyə bilərəm ki, paylaşılan yazışmalarda real hissələr olduğu kimi, məni nüfuzdan salmaq, ayrı-ayrı şəxslərlə konflikt yaratmaq üçün xeyli saxta əlavələr də edilib. Bunu edən hüquq-mühafizə orqanı eyni sadə üsulla 2021-ci il ərzində mənim adımdan iki fərqli belə saxta yazışma yayıb. Sonradan həmin yazışmaların saxta olması sübut olunub. Hazırda hüquq-mühafizə orqanının kibercinayət yolu ilə mənim adımdan saxta ifadələrin əlavə edildiyi yazışma yayması, ittiham edilərək həbs olunduğum, görüş və telefon qadağasının tətbiq edildiyi cinayət işinə heç bir haqq qazandırmır”, - açıqlama məktubunda bildirilib.


Məsələni Yeniavaz.com-a şərh edən politoloq Azər Qasımlı bildirib ki, sözügedən hal, sözsüz ki, kibercinayətkarlıqdır:


“Bəxtiyar Hacıyevin həbsi qeyri-qanunidir və Azərbaycan qanunvericiliyinə uyğun deyil. Bunun yanında da onun hansısa yazışmalarını üzə çıxarmaq, sözsüz ki, kibercinayətkarlıqdır. Bu araşdırılmalıdır ki, kim, niyə hansı məqsədlə edib. Amma normal ölkələrdə araşdırılmalıdır. Azərbaycanda mən belə bir araşdırmanı gözləmirəm. Bunun yanında da kimin etdiyi bəllidir. Bunu dövlət edib, hakimiyyətdə olanlar ediblər. Bu, açıq şəkildə görülür. Bu, birinci dəfə deyil ki, insanlara haker hücumları olur. Bunu etmək üçün müəyyən resurslar, imkanlar lazımdır. O imkanlar da Azərbaycanda kimdə var? Və ya Bəxtiyar Hacıyevi kim həbs edib? Aydındır ki, bu iqtidar həbs edib. Bütün resurslar da ondadırsa, aydındır ki, onlar edib. Madam ki, insan qeyri-qanuni olaraq həbs olunub, o, kimliyindən asılı olmayaraq azadlığa buraxılmalıdır”.


Media eksperti və hüquq müdafiəçisi Ələsgər Məmmədli isə Yeniavaz.com-a danışarkən bildirib ki, Azərbaycanda informasiya kommunikasiya texnologiyaları sahəsində istər fərdlər, istər hüquqi şəxslər, istərsə də dövlət qurumları üçün dövlət strukturu formalaşdırılıb və o məsuliyyət daşıyır:
“Dövlət bu sahədə, kibertəhlükəsizliyi qorumaq üçün böyük investisiya qoyur. Və bu qədər böyük investisiya qarşısında belə bəsit cinayətlər hər kəs üçün əlçatan olmamalıdır və bunun cəzası olmalıdır. Bu baxımdan istənilən kiber hücum dərhal prokurorluq tərəfindən araşdırılmalıdır. Burda birdən çox cinayət hadisəsi baş verib. Kibercinayətkarlıq yolu ilə şəxsin şəxsi kompüterinə və hesablarına müdaxilə olub və onun yazışma sirri pozulub. Mənim gözləntimə görə, Baş Prokurorluq artıq açıqlama yaymalı idi ki, fakt üzrə cinayət işi açılıb və araşdırma aparılır. Çünki bu şəxsin şikayətinə bağlı olmayan məsələdir. Şəxs həbsdə olsa belə, burda cinayət hadisəsi baş veribsə, ictimaiyyətə yayılıbsa, cinayət işi açılmalıdır. Bu tip müdaxilələr baş verən zaman ilk addım bunun araşdırılmasına yönəlik olmalıdır. Birinci, bu hərəkətlilik olmalıdır. Əgər dövlət qurumu hərəkətsiz qalırsa, burda şübhə yaranır. Əgər araşdırılmırsa, ilk ağıla gələn bu olur ki, qurumlar özü bunda maraqlıdır. Hesab edirəm ki, Bəxtiyar Hacıyev çox haqsız şəkildə həbsdə yatır. Haqsız ona görə deyirəm ki, heç kim o suçlamalarla cinayətkar kimi təqsirləndirilməməlidir”.
Faktla bağlı araşdırmaların aparılması və ya cinayət işinin açılması məsələsi ilə bağlı isə Baş Prokurorluqdan müvafiq sorğumuza cavab verilmədi.





up