Daha bir şagird-müəllim qalmaqalı GÜNDƏMDƏ
28-12-2022, 12:20

30 ilin müəlliminin işdən çıxarılması narazılıq yaratdı - kimlər nə deyir?

Deputat Aqil Abbas Milli Məclisin iclasında deyib ki, qanun qəbul etməklə təhsilimizi düzəldə bilmirik: “Bu gün orta məktəb şagirdlərinin ağır çantasını mən götürə bilmirəm. Uşaqlar bu ağırlıqda çantanı götürməkdən axırda ya ştanqist olacaqlar, ya da qozbel. İkinci məsələ, müəllimlərin üstünə çox düşürlər. Müəllimlər bu maaşla bizim ərköyün balalara dərs deyirlərsə, milli qəhrəmanlardır. Uşağa bir şapalaq vurub deyə, 30 illik müəllimi məktəbdən qovublar. Belə şey olar? Mən şiddətə qarşıyam. Amma töhmət verilərdi, nəsə edilərdi. Belə şey olmaz. Kişi müəllimlər onsuz da azdır. Onları məktəbdən belə qovmaq olmaz. Müəllimləri belə ucuzlaşdırmaq olmaz. Peyğəmbərimiz deyirdi ki, mənə bir hərf öyrədənin 40 il qulu olaram. Amma bu gün valideynlər məktəbə hücum edirlər. Elə bilirlər ki, müəllim onun quludur. Keçmişdə nadinc şagirdləri məktəbdən çıxarardılar, onlar üçün ayrıca məktəb olardı. Amma onlar orada elə tərbiyə alardı ki, içindən polislər, polkovniklər çıxırdı. İndi şagirdlər müəllimin başına çıxır. Şagirdin əlindəki telefon müəllimin 4-5 aylıq maaşıdır”.

Qeyd edək ki, yaxın günlərdə paytaxtın Suraxanı rayonu 146 nömrəli tam orta məktəbində 8-ci sinfin ingilis dili dərsində Kazım Canıyevin şagirdi döyməsi barədə videogörüntülər yayıldı. Döyülmə ilə bağlı görüntülər olsa da, döyülən şagirdin dəfələrlə qeyri-etik davranışlar etməsi də ortada idi. Amma burada şagird deyil, müəllim Kazım Canıyev davranışına görə işindən kənarlaşdırıldı. Bu isə günlərdir sosial mediada narazılıqlara səbəb olub. Niyə şagirdin heç bir cəza almaması pislənib.

Bəzi ekspertlər qeyd etdilər ki, bütün problemlərin başında ümumtəhsil məktəblərinin nizamnaməsinin olmamasıdır. Nizamnamənin olmaması müəllim-şagird, müəllim-valideyn, məktəb-valideyn, müəllim-müəllim arasındakı münasibətlərdə çox ciddi boşluqlar yaradır. O da deyilir ki, 2014-cü ildə Təhsil işçilərinin etik davranış Qaydaları təsdiq olunub. Baxmayaraq ki, məktəblərin çoxunda tətbiq olunmur. Yalnız etik qaydalarda tərəflərin münasibətləri haqda qismən qeyd olunur. Məktəbin daxili intizam qaydalarını pozanların hansı formada cəzalandırılması, hətta hansı formada mükafatlandırılması mexanizmi isə yoxdur. Bunlar hər bir məktəbin nizamnaməsində əks olunmalıdıır. Bu yaxınlarda Elm və Təhsil Nazirliyi cəmiyyətə yaşıl, narıncı və qırmızı kartlarla bağlı qaydalar təqdim etdi. Amma bu məsələ də təhsil ictimaiyyəti tərəfindən müzakirəyə çıxarılmadı.

Qoşqar Məhərrəmli

Təhsil eksperti Qoşqar Məhərrəmli şagirdin cəzasız qalmasına etirazını bildirib: “Kazım müəllimi çıxardıq işdən, sözüm yoxdur. Bəs həmin uşağı necə edəcəyik? Ona dərs keçən müəllimlərin halı necə olacaq? Həmin uşaq cəzasız qalarsa, digər uşaqlar daha da pərvazsız olmazmı?!”

Elçin Əfəndi

Təhsil eksperti Elçin Əfəndi mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, müəllimin işdən çıxarılması ilə bağlı məsələni birmənalı qarşılamır: “Çünki müəllimin müəllim adı var. Eyni zamanda Azərbaycanda 4440-dan çox orta ümumtəhsil müəssisəsində çalışan 160 minə yaxın müəllimin içərisində kişilərin sayı olduqca azlıq təşkil edir. Cəmi 20 faiz kişidir, qalanları isə qadınlardan ibarətdir. Hər hansı bir şagirdin dərsi pozması nəticəsində, ola bilər ki, müəllim hansısa həddə çatıb, yanlış hərəkət edən müəllimin də işdən çıxarılması, əlbəttə, doğru yanaşma deyil. Burada qanunvericiliyə uyğun olaraq inzibati qaydada tədbirlər görmək olardı. İlkin olaraq töhmət vermək olardı, yaxud da müəyyən qədər xəbərdarlıq oluna bilərdi. Aqil Abbasın müəllimin işdən çıxarılması ilə bağlı açıqlamasına haqq qazandırıram. Elə bir vəziyyət yaranıb ki, bu gün müəllim şagirddən asılı hala salınıb. Müəllim şagirdin qarşısında aciz duruma düşüb. Bunun da səbəbi çoxdur. Misal üçün, bu gün dərs deyən müəllimin yanına şagird gəlir və bunun hesabına müəllim maddi imkanını yaxşılaşdırmağa çalışır, sabah o, müəllim üçün başa qaxınc məsələsidir. Dəfələrlə şahidi olmuşam ki, şagird müəllimə deyir ki, mənim atamın pulu ilə dolanırsan, o zaman müəllim də qalır əlacsız vəziyyətdə. Bundan əlavə, müəllimlər alternativ qərar qəbul etmək imkanlarından da məhrumdurlar. Şagird dələduzluq edib, dərsi pozursa, müəllim ona qarşı addım ata bilmir, əli-qolu bağlıdır. Şagird onun yanından çıxırsa, yenə müəllimə təsir edir. Müəllim nə isə söz deyərsə, valideyn gəlib ona nə isə deyəcək. Digər tərəfdən, elədiyi səhvə görə 30 ilin müəllimini, xəbərdar etmədən, töhmət vermədən birbaşa işdən çıxarıblar. Bu doğru deyil.

Bu gün şagirdlər ağıllı telefon istifadə edirlər, amma təhsildən geri qalırlar. Müxtəlif sosial platformalarda vaxtlarını keçirirlər. Əlbəttə, belə vəziyyətdə müəllimə necə hörmət qoya bilərlər ki. Bunların aradan qaldırılması üçün cəmiyyət olaraq mübarizə aparmalıyıq. Uşaqlar indi direktordan çəkinmirlər, əksinə, direktor onlardan çəkinir. Əgər bunun qarşısını almasaq, düşünün, gələcəkdə nələr baş verəcək".





up