Vəkillər narazıdır: “Ziddiyyətlərin üstündən keçəcəksinizsə, bu məhkəmə niyə qurulub?”
Tovuzun Dondar Quşçu kəndində 11 yaşlı Nərmin Quliyevanın itkin düşməsi, 47 gün sonra kənddə yandırılmış meyitin tapılmasıyla bağlı bir ildən çoxdur ki, davam edən məhkəmə prosesində sənədlərin tədqiqi mərhələsidir.
Cinayət işinin materiallarında olan, istintaq zamanı alınan ifadələr və s. sənədlər məhkəmədə elan olunur.
Gəncə Ağır Cinayətlər Məhkəməsində avqustun 24-də bu iş üzrə keçirilən məhkəmə iclasında İlkin Süleymanovun istintaqdakı ifadələrinin elanı ilə əlaqədar mübahisə yaranıb.
İlkin Süleymanovun vəkilləri ondan istintaq zamanı alınmış bütün ifadələrin elan olunmasını istəyib.
Hakim Dadaş İmanov isə bununla razılaşmayıb.
Məsələ burasındadır ki, 2020-ci il yanvarın 8-də İlkin Süleymanovdan şahid qismində ifadə alıb.
O, həmin ifadədə bildirib ki, axşamtərəfi saat 19.30 radələrində siqaret çıxmaq üçün darvazanın qarşısına çıxanda evləri ilə üzbəüzdə dərəyə bənzər ərazidə yanğın görüb. Adətən, zibil atılan həmin ərazidə bir müddət öncə zibil yanğını nəticəsində ağaclar yanıbmış.
Ona görə bu dəfə yanğını görən kimi dərhal o tərəfə gedib. Yaxınlaşanda orada meyit görüb və dərhal evinin hasarı həmin ərazidə olan Nazim Vəliyevi çağırıb. Daha sonra onlar əmisi oğlu, Tovuz rayonunda Post-Patrul Alayında çalışan Murad Süleymanovu çağırıblar.
Murad Süleymanov isə zəng edərək, polis şöbəsinə bu barədə məlumat verib.
Yanvarın 8-də bunları deyən İlkin Süleymanov heç iki sutka tamam olmamış – yanvarın 10-da səhər saatlarında şübhəli şəxs qismində ifadəsində Nərmini özünün oğurladığını deyib.
O, ifadəsində bildirib ki, Nərmini 47 gün həyətlərindəki digər evdə saxlayıb, daha sonra qətlə yetirib, meyiti isə yandırıb.
İş materiallarında onun 11 yanvar 2020-ci ilə aid təqsirləndirilən şəxs qismində ifadəsi də var.
“Mənə elə işgəncələr vermişdilər ki, canımı qurtarmaq üçün hər şeyi boynuma götürməyə razı idim”
“İlkin Süleymanovun ibtidai istintaqa verdiyi bütün ifadələr elan olunmalıdır. Çünki bu, çox vacibdir. Oradakı ziddiyyətlər ortaya çıxmalıdır. Əgər o ifadələri elan etməyəcəksizsə, ziddiyyətlərin, qaranlıqların üstündən sakit keçəcəksinizsə, bu məhkəmə niyə qurulub? Burada insan taleyi həll olunur…”, – vəkil Zabil Qəhrəmanov bildirib.
Hakim Dadaş İmanov bu istəyinə görə vəkilə rəsmi qaydada xəbərdarlıq edib.
Hakim iddia edib ki, məhkəmə prosesinin əvvəlində İlkin Süleymanovun ifadələri elan olunub.
Vəkil isə yada salıb ki, İlkin Süleymanovun yalnız 8 yanvar 2020-ci ildə şahid qismində verdiyi ifadə elan olunub.
“Süleymanov, yadındadırsa, burada sənin bütün ifadələrin elan olunmuşdu…”, – hakim Dadaş İmanov təqsirləndirilən şəxsə üzünü tutanda İlkin Süleymanov belə cavab verib: “Xeyr, o vaxt mənim 8 yanvar 2020-ci il tarixli ifadəm elan edildi. O biri ifadələrim elan edilmədi…”
Vəkil bütün ifadələrin elan olunmasını tələb etməklə ziddiyyətlərin ortaya çıxmasını, 8 yanvarda tamam fərqli ifadə vermiş İlkin Süleymanovun hansı səbəbdən yanvarın 10-da cinayəti öz üzərinə götürməsilə bağlı halların araşdırılmasını istəyir.
Vəkilin israrından sonra İlkin Süleymanovun 10 yanvar 2020-ci ildə verdiyi ifadə də elan olunub.
Həmin ifadədə yazılıb ki, Nərmin Quliyeva Süleymanovların evinin qarşısından keçəndə kitab vermək bəhanəsilə onu evə aparıb, əl-ayağını çarpayıya bağlayıb.
47 gün onu həmin evdə saxlayıb. Günlərin birində daşla onun başına vuraraq öldürüb, torbaya qoyub və evləri ilə üzbəüzdə üstünə neft tökərək meyiti yandırıb.
Bu ifadə elan olunandan sonra İlkin Süleymanov bu ifadəni verməsinin səbəbini izah edib.
O bildirib ki, yanvarın 9-da və 10-na keçən gecə elə işgəncələrə məruz qalıb, cinayəti üzərinə götürməkdən başqa çarə görməyib: “Mənə elə işgəncələr vermişdilər ki, canımı qurtarmaq üçün hər şeyi boynuma götürməyə razı idim. İşgəncələrə dözə bilmirdim”.
O əlavə edib ki, Nərmini kitab adıyla evə aparmasından tutmuş, daşla vurub öldürməsinə qədər orada yazılanların hamısı yalandır: “Ağlıma gələni deyirdim, təki məndən əl çəksinlər. Düşünürdüm ki, nə olursa-olsun, bunlardan canımı qurtarmalıyam, sonra gedib məkəmədə doğruları söyləməliyəm”.
Vəkillər İlkin Süleymanovun ibtidai istintaqa verdiyi başqa ifadələrinin də elan olunmasını istəsələr də, hakim Dadaş İmanov imtina edib. Bu üzdən məhkəmədə tərəflər arasında mübahisə yaranıb.
Məhkəmə prosesi avqustun 31-də davam edəcək.
1973-cü il təvəllüdlü İlkin Süleymanov Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 133.2.1 (oğurlanmış şəxsə əzab vermə), 133.2.4 (yetkinlik yaşına çatmayan, köməksiz vəziyyətdə olan şəxsə əzab vermə), 144-cü (adam oğurluğu) maddələrilə ittiham olunur.
İttihama əsasən, o, sinif yoldaşı Şərif Quliyevin ailəsi, uşaqları olduğuna görə onu qısqanıb, buna görə də onun qızı Nərmini oğurlayaraq, 47 gün sonra qətlə yetirib.
İlkin Süleymanov isə azyaşlının ölümünə aidiyyəti olmadığını deyir.
İlkin ifadəsindəki etirafa gəlincə, o bildirib ki, 2020-ci il yanvarın 6-dan 10-na qədər Tovuz rayon Polis Şöbəsində işgəncəyə məruz qalıb.
Dörd gün sonra işgəncələrə dözməyərək, etiraf ifadəsinə imza atmağa məcbur olub.
Baş Prokurorluq isə işgəncə iddialarını təkzib edib.(Meydan TV)