Şəmkir rayonunda 1980-ci il təvəllüdlü Aydın münaqişə zamanı 1995-ci il təvəllüdlü bibisi oğlu Vəlini (adlar şərti verilib – red.) qətlə yetirib.
AZİNFORM.AZ xəbər verir ki, 16 yanvar 2021-ci ildə saat 19 radələrində Aydına bibisi oğlu Vəli təxminən 1 il əvvəl onun anası Səbinənin hamamda çimərkən çəkdiyi videonu göstərib.
Aydının 10 min manat verməyəcəyi təqdirdə həmin videonu sosial şəbəkələrdə yayaraq onu və ailə üzvlərini rüsvay edəcəyi ilə bağlı hədə-qorxu gəlib.
Bundan əsəbləşən Aydın bibisi oğlu Vəlini öldürmək qərarına gəlib.
Bu məqsədlə yanvarın 21-də saat 20 radələrində Vəlini tələb etdiyi pulu vermək adı ilə “Təzə Məhəllə” adlandırılan, qəbiristanlığa birləşən yolun qurtaracaq hissəsinə gətirib.
O, Vəlini ov tüfəngi ilə vurub. Yaralı aldığı xəsarətdən vəfat edib.
İstintaq orqanı tərəfindən Aydının barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 228.1-ci (qanunsuz olaraq odlu silah gəzdirmə) maddələri ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Aydın qəsdən adam öldürmə ittihamını qəbul etməyib.
Aydın bildirib ki, qətlə yetirdiyi Vəli onun doğma bibisi oğludur: “Hadisədən təxminən 1 il əvvəl anam yaşadığımız evin həyətində çimərkən bibim oğlu onun çılpaq videosunu çəkmişdi. Həmin vaxt evimizdə heç kəs olmayıb. Bu barədə daha sonra söhbət əsnasında Vəli mənə bildirdi. Vəli istifadəsində olan mobil telefondan mənə zəng edərək Şəmkir rayonu, Qədimqala kəndindən rayon mərkəzinə getməyi xahiş etdi. Mən də razılıq verdim”.
Təqsirləndirilən şəxsin sözlərinə görə, yanvarın 16-da saat 19 radələrində idarə etdiyi avtomobillə bibisi oğlu Vəlini yaşadığı Qədimqala kəndindən götürüb: “Yolda Vəli söhbət açaraq anamın çılpaq videosunu çəkdiyini bildirdi. Həmin videonun silinməsi üçün 10.000 manat pul istədi.
Doğma bibim oğlunun belə bir hərəkətə yol verməyəcəyini düşünərək əvvəl inanmadım. Lakin Vəli təkidlə yenidən pul tələb etdi və anamın çılpaq şəkildə çimdiyi zaman çəkdiyi videosunu mənə göstərdi. Vəli 10.000 manat ödəməyəcəyim halda həmin videonu sosial şəbəkələrdə paylaşacağını bildirdi. Vəlinin xarakterinə bələd olduğumdan həmin pulu ödəyəcəyimi dedim və videonu yaymamağı xahiş etdim”.
Aydın qeyd edib ki, aralarında olan söhbət Şəmkir rayonunda "Dördyol" deyilən ərazidə baş verib:
“Bundan sonra bibim oğlu israrla zəng edərək pulu nə zaman verəcəyimi soruşdu. Hədə-qorxu gələrək videonu yayacağını bir daha bildirdi. Vəlinin tələbi ilə yanvarın 21-də saat 20 radələrində onu yaşadığı Şəmkir rayonu, Qədimqala kəndində olan evindən götürdüm. Tələb etdiyi pulu hazırlayaraq verəcəyimi bildirdim. Vəlini Qədimqala kənd qəbirstanlığının yaxınlığına apardım.
Həmin qəbiristanlıq mənim evimdən 200 metr məsafədə yerləşdiyindən Vəliyə avtomobildə gözləməsini və pulu evdən götürəcəyimi bilditrdim”.
Aydın bildirib ki, yaşadığı evin zirzəmisindən babasıdan miras qalmış qoşalülə ov tüfəngini götürüb: “Tüfəngi gödəkçəmin altında gizlətdim və evdən çıxaraq Vəliyə tərəf gəldim. Özümlə əlavə 6 patron da götürmüşdüm. Vəliyə yaxınlaşdım, təxminən 7 metr məsafədə gödəkçəmdə olan silahı çıxartdım, qorxutmaq məqsədilə Vəlinin başının üstündən atəş açdım. Məqsədim Vəlini öldürmək yox, videonu sildirə bilməyim üçün onu qorxutmaq olub”.
Aydının ifadəsinə görə, həmin vaxt ətrafda heç kəs olmayıb və silahın istiqaməti qəbristanlığa tərəf olub: “Atəş açdıqda Vəli huşsuz vəziyyətdə yerə yıxıldı. Bibim oğluna tərəf getmədən könüllü şəkildə hüquq-mühafizə orqanlarına təslim olmaq məqsədilə avtomobillə Şəmkir rayon polis şöbəsinə getdim”.
Cinayət işi üzrə zərətrçəkmiş şəxsin hüquqi varisi qismində ifadə verən anası Fatmanın sözlərinə görə, Vəli onun tək övladı olub: “Onunla Qədimqala kəndində birlikdə yaşamışıq. Yanvarın 21-də oğlum qonşulardan supulu yığmaq üçün evdən çıxdı. Mən evdə televizora baxırdım. Vəlinin evdən çıxmasından təxminən 10 dəqiqə sonra güllə səsi eşitdim. Bir anlıq həyəcanlandım və nə baş verdiyini öyrənmək üçün evin qapısına tərəf getdim. Bu zaman səs-küyün artdığını və qonşuların məni səslədiyini eşidərək çölə qaçdım.
Qonşumuz Əlinin oğlu mənə tərəf gəldi və oğlum Vəlinin vurulduğunu dedi. Hadisənin harada və necə baş verdiyini soruşdum. Əlinin oğlu hadisənin baş verdiyi yeri dedi, lakin hadisəni törədən şəxsi görmədiyini bildirdi.
Qaçaraq oğlumun uzanıqlı vəziyyətdə olan meyitinin üzərinə sərildim. Əlindən tutaraq onu qaldırmağa cəhd etsəm də, artıq öldüyünü dərk etdim. Ətrafa xeyli sayda adamlar, o cümlədən, qonşular və Şəmkir rayon polis şöbəsinin əməkdaşları toplaşmışdılar”.
Fatma ifadəsinin sonunda qeyd edib ki, oğlu Vəlini silahla öldürən şəxs qardaşı oğludur. Onun sözlərinə görə, Aydının oğlunu nə səbəbə öldürməsini bilməyib. O, qardaşı oğluna qarşı şikayəti olmadığını bildirib.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Aydın 11 il müddətinə azadlıqdan məhrum edilib.
Hökmdən narazı qalan Aydın apellyasiya şikayəti verib. O, şikayətində cəzasının yüngülləşdirilməsini istəyib.
Gəncə Apellyasiya Məhkəməsinin qərarı ilə onun şikayəti təmin edilməyib.
Bundan sonra Aydının müdafiəçisi kasasiya şikayəti verib. Onun kasassiya şikayəti araşdırılması üçün Ali Məhkəməyə göndərilib.
Şikayət hakim Tahir Kazımovun icraatına verilib.
Kasasiya şikayətinə nə vaxt baxılacağı isə hələki məlum deyil. /teleqraf.com/