Abşeron rayonunda 1998-ci il təvəllüdlü Orxan şəxsi münasibətlər zəminində yaranan münaqişə zamanı arvadı Mətanətə (adlar şərti verilib – red.) xəsarət yetirib.
AZİNFORM.AZ-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin aprelin 30-da, Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi yeni məhəllədə yerləşən xalası Fatmanın fərdi yaşayış evində baş verib.
O, həyat yoldaşı Mətanət ilə aralarında ailə-məişət münasibətləri zəmnində yaranmış mübahisə edib.
Bu zaman Orxan yumruqla və təpiklə həyat yoldaşı Mətanətin sifətinə, başına, qollarına və bədəninin müxtəlif nahiyələrinə qəsdən vurub.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Orxan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Mətanət ilə 2021-ci ilin noyabrın 9-da ailə həyatı qurub və anası Fərqanəgildə yaşamağa başlayıblar: “Sonradan özümüz üçün ayrı fərdi yaşayış evi tikib, yaşamaq qərarına gəldik. Müvəqqəti olaraq xalam Fatmagildə Aşağı Güzdək qəsəbəsi yeni məhəllədə yaşamağa başladıq”.
Təqsirləndirilən şəxsin sözlərinə görə, aprelin 30-da, saat 23 radələrində xalasının evində olarkən həyat yoldaşı Mətanət yenidən anası Fərqanəgilə gedib, orada yaşamağı təklif edib: “Lakin Mətanət razılaşmadı. Bu səbəbdən də aramızda sözlə mübahisəmiz oldu. Mübahisə zamanı əsəbləşərək yumruqla Mətanətin sifətinə, başına, qollarına və bədəninin müxtəlif nahiyələrinə zərbələr endirdim”.
Abşeron rayon Məhkəməsinin hökmü ilə Oraxnın barəsində ittihamedici hökm çıxarılmayıb.
Buna səbəb təqsirləndirilən şəxsin zərərçəkmişlə barışması, ondan şikayətçi olmaması olub.
Orxanın barəsində olan cinayət təqibinə xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib. /demokrat.az/