Sosial yardım düzəltmək adı ilə dələduzluq etdi, saxlanıldı
24-06-2022, 22:57

Astara rayon sakinlərinin ünvanlı dövlət sosial yardımı düzəldəcəyi adı ilə onlardan pul vəsaitlərinin alınması barədə müraciətləri əsasında rayon prokurorluğunda araşdırma aparılıb.

Bu barədə AZİNFORM.AZ-a rayon prokurorluğundan bildirilib.

Araşdırmalarla Astara rayonu Ərçivan qəsəbə sakini 1998-ci il təvəllüdlü Baykal Yaqubovun ayrı-ayrı vətəndaşlardan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində məsul vəzifədə işləyən tanışları vasitəsilə onlara ünvanlı dövlət sosial yardımı təyin etdirəcəyi barədə yalan vədlər verib həmin şəxslərin etibarından sui-istifadə edərək müxtəlif vaxtlarda ümumilikdə 2 min 550 manat məbləğində pul vəsaitini ələ keçirərək dələduzluq etməsinə əsaslı şübhələr müəyyən edib.

Faktla bağlı Astara rayon prokurorluğunda Cinayət Məcəlləsinin 178.2.2 (təkrar dələduzluq) və 32.4, 312.1-ci (rüşvət verməyə təhrik etmə) maddələri ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq davam edir.





up