Qazi torpağa görə intihar edib? - Qardaşından ŞOK İTTİHAM
17-06-2022, 15:00

Xəbər verdiyiniz kimi, Vətən müharibəsinin iştirakçısı Maşallah Mənəfov dünən intihar edib. 1986-cı il təvəllüdlü M. Mənəfov ötən gün Sabirabad rayonunun Cavad kəndində özünü asaraq həyatına son qoyub.

AZİNFORM.AZ xəbər verir ki, son günlər əsəb xəstəliyindən əziyyət çəkdiyi deyilən müharibə iştirakçısının intiharının səbəbilə bağlı müxtəlif fikirlər səsləndirilir, onun rayon İcra Hakimiyyətindən narazı olduğu bildirilir.

Modern.az iddialara aydınlıq gətirmək üçün 44 günlük Vətən müharibəsində iştirak etmiş Maşallah Mənəfovun qardaşı Atagül Mənəfovla əlaqə saxlayıb.

O, açıqlamasında bildirib ki, qazimiz bələdiyyənin torpaq verməməsi səbəbindən canına qəsd edib:

“Maşallah bələdiyyəyə dəfələrlə müraciət etmişdi ki, əkin-biçin üçün ona torpaq sahəsi ayrılsın. Torpağı yox idi, amma onun müraciətinə baxmadılar, bələdiyyə sədri Ağahəsən Ağayev onun müraciətinə biganə yanaşdı. Maşallah sonra rayon İcra Hakimiyyətinə müraciət etdi. Onlar da kömək etmədilər, konkret olaraq rədd cavabı verdilər. Son günlər Maşallah bu məsələ ilə əlaqədar bələdiyyəyə gedib-gəlirdi. Lakin istəyinə çatmadı".

A.Mənəfov bir uşaq atası olan qardaşının ailəsində problemlərin olmadığını söyləyib: "Ailəsilə bağlı hər hansı problem yaşamamışdı. Onun başına gələn çətinliklərin 90 fazi bələdiyyəyə görə idi”.

Qardaşının sözlərinə görə, Maşallah hadisə günü işə getməyib, günorta saatlarında kənd ərazisində özünə qəsd edib.

İddialarda adı hallanan Cavad kənd bələdiyyəsinin sədri Ağahəsən Ağayev A.Mənəfovun dediklərini təkzib edib.

“Maşallah Mənəfov mənim qəbulumda olmayıb, mənə müraciət etməyib. Onun müraciəti ilk dəfə icra başçısının qəbulu zamanı olub. Qəbulda mən də iştirak edirdim. Veteranımızın müraciəti həm işlə, həm də torpaqla bağlı idi. Biz ona gələn ilin payız aylarında torpaqla təmin olunacağını bildirmişdik, çünki indiki vaxtda orada pambıq əkilmişdi və torpaq yalnız pambıq yığımından sonra verilə bilərdi. Bu da haradasa 1-1.5 hektar torpaq idi”.

A.Ağayev şəxsi hesabından M.Mənəfova 2 dəfə maddi yardım etdiyini qeyd edib:

“Mənə dolanışığının pis olduğunu demişdi, mən də ona yardım etmişdim. Onların evlərində olmuşam, evinin yolu bərbad vəziyyətdə idi, çınqıl tökdürmüşdük, orada dedi ki, mənim işimə baxılsa, yaxşı olar. Qeyd edim ki, veteranın özünün pay torpağı var idi”.

Xatırladaq ki, 1986-cı il təvəllüdlü Maşallah Mənəfov İkinci Qarabağ müharibəsinin iştirakçısı olub. Yaxınları  onun əsəb xəstəliyindən əziyyət çəkdiyini bildirirdilər.

Hazırda intihar faktı ilə bağlı Sabirabad Rayon Prokurorluğunda araşdırma aparılır.

Mərhumun bir oğul övladı yadigar qalıb.





up