Neftçalada çətənə bitkiləri becərən qohumlar saxlanıldılar
4-06-2022, 22:00

Baş Narkotiklərlə Mübarizə İdarəsinin və Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərin aşkar edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində uğurlu əməliyyat tədbiri keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, polis əməkdaşlarına Kür çayının rayonun Ərəbqardaşbəyli kəndi ərazisindən keçən hissəsinin sahilində narkotik tərkibli bitkilərin kultivasiya edilməsi barədə əməliyyat məlumatı daxil olub.
Dərhal qeyd edilən ərazi əməliyyat nəzarətinə götürülüb. Keçirilən əməliyyat tədbirləri nəticəsində çayın sahilində narkotik vasitələrin kultivasiyası ilə məşğul olan həmin kənd sakini, əvvəllər məhkum olunmuş Vüqar Məmmədov saxlanılıb. Əraziyə keçirilən baxış zamanı xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilmiş 327 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.

Polis əməkdaşları tərəfindən həmin kənd ərazisində keçirilən digər bir uğurlu əməliyyat tədbiri nəticəsində eyni əməllə məşğul olan V.Məmmədovun əmisi oğlu, əvvəllər üç dəfə məhkum olunmuş Səttar Məmmədov da saxlanılıb.

Onun yaşadığı ünvana keçirilən baxış zamanı isə həyətyanı sahədən 73 ədəd çətənə kolu aşkarlanaraq maddi sübut kimi götürülüb və ekspertizaya təqdim olunub.

Saxlanılan qohumlar izahatlarında narkotiklərin kultivasiyası ilə məşğul olduqlarını etiraf ediblər.
Aşkar olunan faktlarla bağlı Neftçala RPŞ-də cinayət işləri başlanılıb, istintaq və əməliyyat tədbirləri davam etdirilir.





up