Sabiq icra başçısının evindən görün hansı silahlar çıxıbmış - VİDEO
4-06-2022, 14:45

İmişlinin sabiq icra başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

AZİNFORM.AZ xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda sabiq icra başçısı dövlət ittihamçısının suallarını cavablandırıb.

Prokuror ilk olaraq aztəminatlı ailələr üçün tikilmiş binadan başqa adamlara mənzil verilməsi ilə bağlı məsələyə aydınlıq gətirməsini xahiş edib.

Vilyam Hacıyev sözügedən mənzildən qanunsuz kiməsə mənzil verilməsindən xəbərsiz olduğunu deyib.

Daha sonra prokuror "DOST" İş Mərkəzi ilə vətəndaşlar arasında iş müqaviləsi bağlanmasında İcra Hakimiyyətinin rolunun nədən ibarət olduğunu soruşub.

Vilyam Hacıyev həmin işlərlə İcra Hakimiyyətinin iqtisadiyyat şöbəsinin məşğul olduğunu bildirib. Sabiq başçı iş otağından əmək haqqı kartlarının çıxması ilə bağlı ittihamı da qəbul etməyib: “O kartlar mənim otağımdan çıxmayıb. Olsaydı, çəkib göstərərdilər ki, mənim seyfimdən çıxıb”.

Vilyam Hacıyev "İmişli rayon İcra Hakimiyyətinin baş mühasibi Cəmil Musayev, Maliyyə şöbəsinin müdiri Rəhim Rəhimovla aranızda hansı münasibətlər olub" sualına isə "İcra Hakimiyyətinin məsul işçiləri olublar, aramızda da yalnız tam rəsmi münasibət olub", - deyə cavab verib.

Dövlət ittihamçısının sualları bitdikdən sonra prosesdə Bakıda bərbər fəaliyyəti ilə məşğul olan Türkiyə vətəndaşının ifadəsi elan edilib. Sözügedən bərbər istintaq zamanı verdiyi ifadəsində pandemiya dövründə icra başçısının əli ilə rayona aparıldığını deyib: “Vilyam Hacıyev mənim müştərimdir. 2020-ci ildə pandemiya dövründə mənə zəng edib dedi ki, İmişliyə gəlməlisən. Mən də dedim ki, gələ bilmərəm. Sonradan məni qanunsuz yolla apardı”.

Daha sonra hakim Vilyam Hacıyevin istintaq zamanı verdiyi ifadəni elan edib.

Vilyam Hacıyev hüquq-mühafizə orqanı tərəfindən həbs olunan gün verdiyi ifadəni qəbul etmədiyini deyib. Təqsirləndirilən şəxs həmin vaxt özündə olmadığını və sadəcə, qol çəkdiyini bildirib.

Sual-cavab mərhələsi başa çatdıqdan sonra iclasda Vilyam Hacıyevin ittiham olunduğu 228-ci maddə (qanunsuz silah saxlama) ilə bağlı ekspertiza rəyi açıqlanıb.

Bu zaman məlum olub ki, istintaq orqanı tərəfindən keçirilən əməliyyat zamanı Vilyam Hacıyevin evindən 6 ədəd döyüşə yararlı ov silahı, 65 ədəd isə patron aşkar edilərək götürülüb.

Vilyam Hacıyev həmin silahlarının qanuni olduğunu, patronların isə mağazadan aldığını bildirib:

“Mənim ovçuluq üçün icazəm var, Ovçular Birliyinin də üzvüyəm. Bütün silahlar da qanuni şəkildə, ov üçün alınıb”.

Prosesin sonunda cinayət işi üzrə zərərçəkmiş DOST İş Mərkəzinin və Kürdəmir Regional Mədəniyyət İdarəsinin nümayəndələri mülki iddia qaldırıblar. DOST İş Mərkəzi 274 min 894 manat, Kürdəmir Regional Mədəniyyət İdarəsi isə 31 min manat məbləğində dəymiş ziyanın ödənilməsini istəyiblər.

Proses iyunun 6-da davam etdiriləcək.


AZİNFORM.AZ



up